Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun başçılıq etdiyi ABŞ nümayəndə heyəti ilə Moskvada görüş keçirib.
BAKU.WS xəbər verir ki, görüşdə Stiv Uitkoffla yanaşı, Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ Federal Satınalma Xidmətinin komissarı Coş Qruenbaum da iştirak edib. Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bildirib ki, təxminən dörd saat davam edən görüş "konstruktiv və etimada əsaslanan" atmosferdə keçib.
Uşakovun sözlərinə görə, tərəflər Ukrayna məsələsi və digər mövzular üzrə sıx təmasların davam etdirilməsi barədə razılığa gəliblər. O, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüşəcəyini açıqlayıb.
Görüş zamanı Ukrayna böhranının uzunmüddətli həllinin ərazi məsələsi nəzərə alınmadan mümkün olmadığı vurğulanıb. Rusiya tərəfi münaqişənin siyasi və diplomatik yollarla həllinə hazır olduğunu bir daha bəyan edib.
Danışıqlarda həmçinin Qəzza üçün yaradılmış "Sülh Şurası", Qrenlandiya məsələsi və ikitərəfli münasibətlər müzakirə olunub. Uşakov əvvəlki ABŞ administrasiyası tərəfindən dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların Sülh Şurasına töhfə kimi istifadə edilməsi ideyasının iqtisadi işçi qrupunda müzakirə edilməyə davam etdiyini bildirib.