Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moskva Avropa üçün getdikcə daha böyük təhlükəyə çevrilir. Leypsiq hava limanında dronun peyda olması, Rusiya raketinin Polşa ərazisinə düşməsi, Rumıniyada dronun qəzaya uğraması və Baltikyanı ölkələrin hava məkanının dəfələrlə pozulması Avropada narahatlığı artırır.
ABŞ-ın keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Leon Panetta hesab edir ki, bu hadisələr Rusiya Prezidenti Vladimir Putinin Avropanın müdafiə qabiliyyətini sistemli şəkildə sınaqdan keçirdiyini göstərən ciddi siqnallardır.
Panetta Almaniyanın Bild nəşrinə müsahibəsində Rusiyanın hətta Almaniya ərazisində hərbi əməliyyatlara başlaya biləcəyini istisna etməyib.
Keçmiş MKİ direktoru bildirib ki, Moskva ilk növbədə Qərbin qarşılıqlı müdafiə ilə bağlı öhdəliklərinə həqiqətən sadiq olub-olmadığını yoxlamağa çalışır. Onun sözlərinə görə, Rusiyaya açıq şəkildə bildirilməlidir ki, Avropa dövlətlərinə qarşı hərbi əməliyyatlar qəbuledilməzdir.
Panetta Putinin aqressiv davranışının iki əsas səbəbini göstərib. Onun fikrincə, Kremlin rəhbəri Ukraynadakı müharibə səbəbindən ciddi təzyiq altındadır. Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp ilə Avropanın NATO-dakı tərəfdaşları arasında yaranan gərginlik Putini diqqəti yayındırmaq üçün yeni cəbhələr axtarmağa daha da sövq edə bilər.
“Putin zəifliyə reaksiya verir. Əgər o, NATO-da və ABŞ-da bu zəifliyi hiss etsə, təxribatlarını və zərbələrini davam etdirəcək”, – Panetta xəbərdarlıq edib.
Panetta ABŞ-ı da sərt tənqid edib
ABŞ-ın keçmiş müdafiə naziri Vaşinqtonu Ukraynadakı müharibə ilə bağlı siyasətinə görə də kəskin tənqid edib. O, Donald Trampın mövqeyini “ikili siyasət” kimi qiymətləndirib. Panettanın sözlərinə görə, ABŞ hazırda Ukraynanı silah, hava hücumundan müdafiə sistemləri və digər zəruri dəstəklə təmin etmək üçün mümkün olan hər şeyi etməlidir.
Lakin o bildirib ki, NATO və ABŞ-da silah çatışmazlığı səbəbindən hazırda Qərb “yalnız dayanıb müşahidə edə bilər”.