Putin aradan çıxır: Kuril səfərinin pərdəarxası

14.08.2026

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Son günlər Uzaq Şərqdə də vəziyyətin gərginləşdiyi hiss olunur. ABŞ ilə Yaponiya arasında hərbi təlimlərin ardınca Rusiyada da Kuril adaları hövzəsində təlimlərə start verib. Hətta maraqlıdır ki, təlimləri birbaşa izləmək üçün Rusiya Prezidenti Vladimir Putin də əraziyə gəlib.

Şimali Koreya isə Yaponiya istiqamətində ballistik raketləri sınaqdan keçirir. Başqa bir tərəfdən, görürük ki, Pxenyanın Ukrayna müharibəsində iştirakı da artır. KXDR savaşa əsgər və hərbi texnika göndərməklə həm də praktik döyüş təcrübəsi qazanır. Hansı ki, Pxenyan qazanılan belə təcrübələrdən digər müharibələrdə daha rahatlıqla istifadə edə bilər.

Digər tərəfdən, Rusiyanın Şimali Koreyadan təxminən 200 milyard dollarlıq raket və silah aldığı da bildirilir. Hökumət həmin vəsaiti ölkə əhalisinin maddi rifahının yaxşılaşdırılmasına deyil, əsasən hərbi gücün daha da artırılmasına yönəldir. Nəticədə Pxenyanın bu addımları Cənubi Koreya və Yaponiya üçün daha ciddi təhlükələr yaradır.

Görəsən sözügedən coğrafiyada Şimali Koreyanın iştirakı ilə yeni cəbhə açıla bilərmi? Putin Kurilə getməklə həm də bunun mesajını verməyib ki?

Politoloq Natiq Miri “Bakupost”a bildirib ki, Şimali Koreya təkcə, özbaşına belə bir əməliyyatlara başlaya bilməz:

“Onun iqtisadi qüdrəti bunun üçün yetərli deyil. Bu ölkə həmçinin iqtisadi cəhətdən qüdrətli ölkələrdən olan Cənubi Koreya və Yaponiyaya qarşı da dayanıqlı deyil. Şimali Koreyanın hərbi gücü də sadəcə təkcə öz hesabına başa gəlməyib. Rusiya, amma daha çox Çin ona yardım edir. Çin isə indiki vəziyyətdə regionda belə bir böyük müharibənin alovlanmasını istəməz. Çünki bu yanğın Çini də əhatə edə bilər”.

Ekspert qeyd edir ki, sözügedən regionda müharibənin alovlanmasının qarşısını alan digər amil isə ABŞ-dir:

“Yəni şərtlər heç də cırtdan Şimali Koreyanın xeyrinə deyil”.

Putinin işğal olunmuş Kuril adalarına səfəri isə müsahibimizə görə, bir imperiya jesti və güc nümayişidir:

“Amma boşuna enerji sərfidir. Uzaq Şərq və Sibirdə yaşayış məskənləri boşdur. Belə boşluqlar varkən, Rusiya Avropa cəbhəsində müharibə ilə yeni torpaqlar axtarır. Ona görə də Putinin Kuril səfəri yalançı güc, qüdrət nümayişidir. Kremlin indiki vəziyyətdə Yaponiya ilə müharibə etmək imkanı və istəyi yoxdur. Qış ərəfəsində Rusiya “blekautla” üzləşəcək. Ən iri şəhərlərində belə enerji sisteminin yox olması ilə insanların dəhşətli şaxta ilə üz-üzə qalması perspektivdir”.

Müsahibimizin sözlərinə görə, Rusiyanın mərkəzi şəhərləri və Ukrayna ilə sərhəd ərazilərdən əhalinin kütləvi olaraq Uşaq Şərqə, Sibir və Kamçatkaya köçürülməsi planlaşdırılır:

“Bu fonda müharibə qurtarana qədər daha təhlükəsiz bölgəyə köçürmək kimi yalanlar uydururlar. Putinin bu səfəri də məhz sözügedən ərazilərdə yaşayan azsaylı insanları stimullaşdırmaq xarakteri daşıyır. “Rosqvardiya” ilə bağlı yeni qanunvericilik qəbul olunub. Burada mərkəzi şəhərlərdən, o cümlədən Moskvadan əhalinin evakuasiyası bəndi də yer alıb. Sadəcə burada söhbət Moskvada yaşayan əhalinin kütləvi köçürülməsindən getmir, Putin, ətrafı, yüksək səviyyəli məmurı, generaliteti və onların ailələrini, qohumlarını çıxarmaqdan gedir. Yəni dolayısı ilə Putin Moskvada yavaş-yavaş aradan çıxır. Ona görə də Kurilə səfəri sadəcə Tokionu qıcıqlandırmaq xarakteri daşımır. Başqa hazırlıqlardan xəbər verir ki, əsas niyyət də bu məsələlərin içində gizlədilir”.

Rüfət Sultan,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью