Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kremlin döyüş meydanındakı vəziyyəti olduğundan daha uğurlu göstərməyə çalışır
Rusiya prezidenti Vladimir Putinin cəbhədə əldə edilən uğurlarla bağlı səsləndirdiyi bəyanatlar reallığı əks etdirmir və xeyli şişirdilib.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
Analitiklərin fikrincə, Putin hərbçilərlə keçirdiyi görüşdə Luqansk vilayətinin tam ələ keçirildiyini, həmçinin Konstantinovkanın tutulduğunu iddia etsə də, bu açıqlamaları təsdiqləyən faktlar yoxdur. Putin bildirib ki, Rusiya ordusu 2026-cı ilin əvvəlindən 133 yaşayış məntəqəsini və 3 min kvadratkilometrdən çox ərazini nəzarətə götürüb.
Lakin ISW yalnız 64 yaşayış məntəqəsi və təxminən 622 kvadratkilometr ərazi ilə bağlı sübut aşkar etdiyini vurğulayır. İyunda isə Kremlin iddia etdiyi 636 kvadratkilometr əvəzinə cəmi 30 kvadratkilometrə yaxın irəliləyiş qeydə alınıb. Hesabatda qeyd olunur ki, Rusiya komandanlığı Sumı, Slavyansk, Dobropillya və Zaporojye istiqamətlərində də qoşunların mövqelərini olduğundan daha yaxın göstərib.
ISW-nin məlumatına görə, bu iddialar da həqiqəti əks etdirmir. Analitiklər hesab edirlər ki, Kremlin məqsədi informasiya məkanını çoxsaylı şişirdilmiş bəyanatlarla dolduraraq onların yoxlanılmasını çətinləşdirmək və Rusiyanın qələbəsini qaçılmaz, Ukraynanın müdafiəsini isə çökməkdə olan kimi təqdim etməkdir.
ISW-nin qiymətləndirməsinə görə, Rusiya ordusunun hücum tempi son bir ildə təxminən 16 dəfə azalıb. Qurum həmçinin Konstantinovkanın tam ələ keçirilməsi ilə bağlı Rusiya rəhbərliyinin iddialarını da təsdiqləmir və bunu daha çox informasiya kampaniyasının tərkib hissəsi hesab edir.