Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Avropa Parlamenti Rusiyadan qaz idxalından mərhələli şəkildə imtina olunmasını nəzərdə tutan planı təsdiqləyib.
Globalinfo.az bildirir ki, səsvermə zamanı təşəbbüsün lehinə 500 deputat, əleyhinə isə 120 deputat səs verib. Daha 32 avroparlamentari bitərəf qalıb.
Qeyd edək ki, Avropa İttifaqının səfirləri planı dekabrın 10-da təsdiqləmişdi. Avropa Parlamentinin qərarından sonra qanun layihəsi Aİ-yə üzv ölkələrin nazirlərinin səsverməsinə göndəriləcək. Macarıstan və Slovakiyanın etirazına baxmayaraq, sənədin səs çoxluğu ilə qəbul edilə biləcəyi bildirilir.
Plana əsasən, Avropa İttifaqı 2026-cı ilin sonundan etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını, 2027-ci ilin payızından isə boru kəməri ilə nəql olunan qazın alınmasını dayandıracaq.
Sənəddə fövqəladə hallar üçün istisnalar da nəzərdə tutulur. Belə ki, yalnız “böhran vəziyyətinin tənzimlənməsi” məqsədilə və qısamüddətli, yəni dörd həftəlik müqavilələr əsasında alışlara icazə verilə bilər.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkə rəhbərliyi Slovakiya ilə birlikdə Aİ-nin Rusiyanın enerji resurslarından tam imtina planının ləğvi tələbi ilə Avropa Məhkəməsinə müraciət etməyi planlaşdırır. Onun sözlərinə görə, bu cür qərarlar yalnız bütün üzv ölkələrin yekdil razılığı ilə qəbul edilməlidir.
Qeyd edək ki, Macarıstan və Slovakiya Rusiyadan neft və qazı əsasən “Drujba” və “Türk axını” boru kəmərləri vasitəsilə alır.
Əliyar Xəlil
Gobainfo.az