Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin son 15 ildə dünya iqtisadiyyatında ciddi dəyişikliklərin baş verdiyini və Asiya-Sakit okean regionunun qlobal iqtisadiyyatın mərkəzinə çevrildiyini bəyan edib.
Modern.az xəbər verir ki, Putin bu barədə Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Biznes Sammitində çıxışı zamanı danışıb.
Rusiya liderinin sözlərinə görə, 2012-ci ildə Vladivostokda keçirilən APEC sammiti və Biznes Forumunda Asiya-Sakit okean regionunun dünya iqtisadiyyatında artan rolu müzakirə olunurdu. Həmin vaxt bu tendensiyanın gələcəkdə davam edəcəyi və daha da sürətlənəcəyi gözlənilirdi.
Lakin sonrakı proseslər gözləntiləri də üstələyib.
“2012-ci ildə ən cəsarətli proqnozlarımızın belə reallıq qarşısında geridə qalacağını təsəvvür edə bilməzdik. Şişirtmədən demək olar ki, tektonik dəyişiklik baş verib. Bu gün Asiya-Sakit okean regionu qlobal iqtisadiyyatın mərkəzinə, planetin əsas sənaye və texnoloji mərkəzinə çevrilib”, – deyə Putin bildirib.
O, APEC ölkələrinin dünya iqtisadiyyatındakı payına dair rəqəmləri də açıqlayıb. Bildirib ki, təşkilata üzv iqtisadiyyatların payına dünya ümumi daxili məhsulunun (ÜDM) 60 faizindən çoxu, dünya əhalisinin 36 faizi düşür. Bundan başqa, qlobal mal ticarətinin 50 faizi, xidmət ticarətinin isə 35 faizi bu regionun payına düşür.
Putin dünya iqtisadiyyatında güc mərkəzinin dəyişməsinin bəzi dövlətlər tərəfindən adekvat qarşılanmadığını da iddia edib.
“Qlobal iqtisadi balansda ağırlıq mərkəzinin dəyişməsi heç də həmişə adekvat qəbul edilmir. Bu yeni imkanlara uyğunlaşmaq əvəzinə, keçmiş hegemonlar ədalətli rəqabət məntiqinə zidd olaraq, bəzən hətta öz maraqlarının əleyhinə gedərək uğur və tərəqqi nümayiş etdirən ölkələrin inkişafını ləngitməyə çalışırlar”, – Rusiya prezidenti vurğulayıb.
Qeyd edək ki, APEC-in Biznes Sammiti noyabrın 17-18-də Çinin Şençjen şəhərində keçirilir. Forumda beynəlxalq ticarət, investisiyalar, rəqəmsal iqtisadiyyat, süni intellekt və texnoloji əməkdaşlıq məsələləri müzakirə olunur.
Noyabrın 18-19-da isə təşkilata üzv 21 iqtisadiyyatın liderlərinin görüşü nəzərdə tutulub. Tədbirə Çin lideri Si Cinpin sədrlik edir.
Rusiya prezidentinin çıxışı zamanı iqtisadi dəyişikliklərlə yanaşı, beynəlxalq münasibətlərdə yeni əməkdaşlıq imkanlarına da toxunduğu bildirilir. O, həmçinin Rusiya, Çin və ABŞ liderlərinin planlaşdırılan üçtərəfli görüşündən böyük fayda gözlədiyini ifadə edib.