Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“2024-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonra iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq məcrasında inkişaf edirdi. Onun fikrincə, həmin dövrdə siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar əlaqələrdə müsbət dinamika müşahidə olunurdu. Amma AZAL-a məxsus təyyarənin vurulmasından sonra münasibətlərdə gərginlik yaranıb və bu, bir sıra sahələrə təsir göstərib”.
Bunu “Yeni Sabah”a politoloq Fərhad Məmmədov bildirib.
O, sözünün davamında deyib: “Ali səviyyədə siyasi dialoq demək olar ki, dayandırıldı, humanitar sahədə ciddi geriləmə müşahidə olundu. İnformasiya məkanında qarşılıqlı ittihamlar və neqativ məzmun müsbət gündəmi üstələdi. Bununla belə, iqtisadi münasibətlərdə praqmatik yanaşma qorunub saxlanıldı”. Dördpendirli pizza
Politoloq qeyd edib ki, hazırda Azərbaycan-Rusiya münasibətlərində “yeni normallıq” formalaşır: “Bu mərhələdə əsas diqqət iqtisadi və infrastruktur layihələrinə yönəlib, təmaslar isə daha çox hökumət və nazirliklər səviyyəsində davam etdirilir”.
“Azərbaycanın Rusiyadan uzaqlaşdığını və ya ona yaxınlaşdığını söyləmək doğru olmaz. Rəsmi Bakı Rusiya ilə münasibətlərini digər dövlətlərlə münasibətlərinin fonunda qurmayıb və bu gün də eyni siyasəti davam etdirir”, - deyə politoloq vurğulayıb.
Ukrayna müharibəsinin Azərbaycana təsirləri barədə danışarkən bildirib ki, münaqişə artıq dolayı deyil, müəyyən mənada birbaşa təsirlər yaratmağa başlayıb:
“Həm Rusiyada, həm də Ukraynada yaşayan və çalışan Azərbaycan vətəndaşları müharibənin nəticələrini hiss edirlər. Artıq itkilər var. Xüsusilə dəniz nəqliyyatı sahəsində çalışan Azərbaycan vətəndaşları hücumlar nəticəsində həlak olur, yaralanır və ya iş yerlərini itirirlər”.
F.Məmmədov bildirib ki, müharibənin təsirləri Xəzər regionuna qədər uzanır:
“Zərbələr artıq Xəzər dənizinə də yaxınlaşır. Bu vəziyyət həm ekoloji risklər yarada, həm də regionun daha çox hərbiləşməsinə səbəb ola bilər”.
Politoloq Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüş ehtimallarına da toxunub. O bildirib ki, liderlərin təması hər hansı beynəlxalq tədbir çərçivəsində baş tuta bilər, lakin yaxın perspektivdə dövlət səfərinin reallaşması üçün ciddi zəmin görünmür.
“Hazırda hökumətlərarası komissiyalar əvvəlki səfərlərdən irəli gələn qərarların icrası ilə məşğuldur. Açıq mənbələrdə görünən mənzərə ondan ibarətdir ki, yaxın vaxtlarda yeni dövlət səfəri üçün hazırlıq aparılmır”.
Xatırladaq ki, iyulun 28-də Rusiya və Azərbaycan prezidentləri arasında telefon söhbəti olub.
Aytəkin Əzizqızı