“Putin kompüterdən və smartfondan qorxur bu isə Rusiya üçün hökmdür“ “The Times“

30.01.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Putinin texnologiya qorxusu Rusiyanı qlobal inkişafdan kənarda qoyur..."

Vladimir Putinin XXI əsrin texnoloji yeniliklərinə qarşı qorxusu Rusiyanı aparıcı dövlətlərdən geri salır.

Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Texnofobiya ilə idarə olunan dövlət

Nəşrin fikrincə, Kreml rəhbərinin texnologiyaya münasibəti ölkənin qlobal inkişafdan kənarda qalmasına səbəb olur. Məqalədə vurğulanır ki, Putin "qələm və kağız adamıdır": onun nə smartfonu var, nə də internetdən istifadə edir. O, ölkəni şifrəli stasionar telefonlar vasitəsilə idarə edir.

Halbuki bir çox ölkələrdə hökumət üzvləri dövlət siyasətini adi smartfon messencerləri üzərindən koordinasiya edirlər. Məqalə müəllifi ritorik sual verir: "Belə bir texnofobun idarə etdiyi Rusiyanın süni intellekt yarışında rəqiblərindən geri qalması təəccüblüdürmü?"

Geridə qalan süni intellekt və sovetlərlə ziddiyyət

"The Times" Stenford Universitetinin araşdırmasına istinad edir. Araşdırmaya görə, Rusiya süni intellekt sənayesinin gücünə görə 36 ölkə arasında 28-ci yeri tutur. ABŞ, Çin və Hindistan ilk üçlükdədir. Hətta Lüksemburq, Belçika və İrlandiya da Rusiyanı geridə qoyub.

Nəşr qeyd edir ki, Putinin texnologiyaya yanaşması sovet liderlərinin xətti ilə ziddiyyət təşkil edir. Sovet dövründə texnoloji tərəqqi - elektrikləşmə proqramlarından kosmik nailiyyətlərə qədər dövlət strategiyasının əsas hissəsi idi. Putin isə rəqəmsal innovasiyaları hakimiyyəti üçün təhlükə kimi görür və bir vaxtlar interneti "MKİ layihəsi" adlandırıb.

Senzura, beyin axını və texnoloji tənəzzül

Nəşr Rusiyada rəqəmsal azadlıqların məhdudlaşdırıldığını, qlobal sosial şəbəkələrin bloklandığını və Kremlinin informasiya axınına nəzarəti daha da gücləndirdiyini xatırladır. Bu isə texnoloji inkişaf üçün ciddi maneə yaradır. İqtisadçı Vladislav İnozemtsev bildirir ki, süni intellekt və yüksək texnologiyalar müstəqil startaplar və sağlam investisiya mühiti tələb edir, lakin Rusiyada şirkətlər yeni texnologiyalara sərmayə qoymaqdan çəkinirlər.

"The Times" yazır ki, təkcə 2022-ci ildə təxminən 100 min İT mütəxəssisi ölkəni tərk edib. Qərb sanksiyaları isə yüksək texnologiyalı istehsal üçün vacib komponentlərin əldə edilməsini çətinləşdirib. Paralel olaraq, Runetin qlobal internetdən izolyasiyası və bütün istifadəçilərin pasportla identifikasiyası müzakirə olunur. Nəşrin qənaətinə görə, informasiya üzərində total nəzarət və texnologiyaya qarşı qorxu Rusiyanı həm siyasi, həm də texnoloji gələcəkdən məhrum edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью