Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin hakimiyyətdə olduğu dövrünün ən çətin dönəmlərindən birini yaşayır.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu fikri rusiyalı politoloq Anton Yeremin ingilisdilli "Kyiv Post" nəşri üçün yazdığı müəllif məqaləsində bildirib.
Ekspert hesab edir ki, Kreml üçün əsas təhlükə xaricdən deyil, ölkə daxilində formalaşmış sistemin özündən gəlir.
Politoloqun fikrincə, Rusiyanın müasir siyasi modeli Putin hakimiyyətə gəlməzdən əvvəl də mövcud olub və Rusiya lideri özü də onun bir hissəsinə və elita üçün faydalı bir kompromis halına gəlib. Lakin Yereminin fikrincə, uzun sürən müharibə, artan xərclər və hökumətin nüfuzunun azalması hakim dairələrdə əhval-ruhiyyəni tədricən dəyişir.
Politoloq qeyd edir ki, guya "xəyanət edilmiş qələbə" haqqında bəyanatlar Rusiya informasiya məkanında getdikcə daha çox görünür. Bu cür bəyanatlar "Z"-kanallarında, eləcə də daha sərt tədbirlər və daha da gərginləşmə tələb edən ayrı-ayrı rus ideoloqları və təbliğatçılarının çıxışlarında səsləndirilir.
Yeremin hadisələrin sonrakı inkişafı üçün iki mümkün ssenarini nəzərdən keçirir.
Birincisi, Putinin ətrafının onu daha radikal hərbi tədbirlər görməyə, o cümlədən NATO hədəflərinə mümkün zərbələr endirməyə məcbur edəcəyini ehtimal edir. Lakin ekspert özü bu variantı mümkünsüz hesab edir.
Politoloq başqa bir ssenarini daha ehtimalolunan hesab edir:
Rusiya elitaları mövcud hakimiyyət sistemini qorumaq qərarına gələ və hazırkı lideri qurban verə bilərlər. Yereminin sözlərinə görə, bu halda uğursuzluqlara görə məsuliyyət Putinin üzərinə düşəcək, siyasi modelin özü isə faktiki olaraq dəyişməz qalacaq.
Ekspert etimal edir ki, Rusiyanın yeni lideri daxili problemlərin həlli, ordunun yenidən qurulması və islahatlar həyata keçirilməsinin zəruriliyini əsas gətirərək hərbi əməliyyatlarda müvəqqəti fasilə elan edə bilər. Lakin Yeremin düşünür ki, belə bir addım mütləq Moskvanın hazırkı kursundan imtina etməsi demək deyil.
Sonda politoloq Qərb ölkələrini mümkün hakimiyyət dəyişikliyini təkmilləşmə üçün avtomatik siqnal kimi qəbul etməməyə çağırıb. Onun fikrincə, Putin vəzifəsindən getsə belə, mövcud sistemin saxlanılması Rusiyanın xarici siyasətinin dəyişməz qalmasına səbəb ola bilər.
S.Laçın