Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Ukrayna ordusunun son zamanlar işğal edilmiş torpaqlarda və Rusiya ərazisindəki strateji hədəflərə endirdiyi sarsıdıcı zərbələr, ölkədə yaranan yanacaq qıtlığı Kremli əməlli-başlı təşvişə salıb.
Onun nəticəsidir ki, Kreml rəhbərliyi yenidən sülh danışıqlarından dəm vurmağa başlayıb.
Belə ki, Rusiya Prezidenti Vladimir Putin İstanbulda əldə edilən razılaşmalar, Ankoricdə müzakirə edilən mexanizmlər və mövcud reallıqlara əsaslanaraq Ukrayna ilə sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edib. Bu açıqlamasında Putin 2022-ci ilin İstanbul razılaşmasını xüsusi olaraq vurğulayıb. Qeyd edək ki, 2022-ci ilin mart və aprel aylarında İstanbulda keçirilən danışıqlarda tərəflər Ukraynanın bitərəfliyi və təhlükəsizlik təminatı müqabilində müharibəni dayandırmaq üçün “İstanbul Kommünikesi” adlı çərçivə sənədini hazırlamışdılar.
Ona əsasən Ukrayna NATO-ya üzv olmaqdan imtina edərək daimi bitərəf və bloklara qoşulmayan dövlət olmalı, bu ölkənin ərazisində xarici hərbi bazalar və ya kontingent yerləşdirilməməlidir. Əvəzində Ukraynanın təhlükəsizliyi ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya kimi dövlətlər tərəfindən təmin edilməli idi. Krımın statusu məsələsi dondurulmalı və onun gələcək taleyi 10-15 il ərzində Rusiya və Ukrayna arasında ikitərəfli danışıqlar yolu ilə həlli edilməli idi. Ukrayna ordusunun sayı müəyyən həddə qədər azaldılmalıdır. Bunların əvəzində, Moskva Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmasına mane olmamağa razılaşmışdı.
Xatırladaq ki, tərəflər həmin dövrdə ilkin razılığa yaxın olsalar da, sənəd tam imzalanmamış və razılaşma prosesi may ayında dayandırılmışdı.
Politoloq Zərdüşt Əlizadə Bakupost.az-a bildirib ki, Putinin sülh danışıqlarına hazır olduqları barədə dedikləri mənasız olmaqla yanaşı, real deyil:
“Siyasətdə maraqların nəzərə alınması, onu təmin edəcək gücün mövcudluğu, onu tətbiq etmək qətiyyəti, hiyləgərlik əsasdır. Diplomatiyada qətiyyən səmimiyyət yoxdur. Burada hansısa tərəf strateji məqsədini müəyyənləşdirir və qətiyyətlə həmin məqsədə doğru irəliləyir”.
Ekspert qeyd edir ki, hazırda Putinin vəziyyəti o qədər də xoşagələn deyil:
“Onun özündən razı, yekəxana danışıqları indi arxa plana keçib. Gerçəklik onu məcbur edir ki, sülh danışıqları barədə danışsın. Çünki Avropanın geniş yardımı nəticəsində Ukraynanın Rusiyaya zərbə endirmək imkanları genişlənib. Ölkənin neftayırma sənayesinin 30 faizi dağıdılıb. İşğaldakı Krımda və Rusiyanın bir çox bölgələrində benzin çatışmazlığı müşahidə olunur. Belədə, tədricən əhali müharibəyə etiraz etməyə başlayır. Buna qədər isə baş verənlərə rus əhalisi o qədər də əhəmiyyət vermirdi. Eyni zamanda, rus ordusu Ukrayna üzərində qəti qələbə qazanmaq imkanına malik deyil. Çünki Ukrayna ordusu ciddi hazırlıq keçib”.
Həmsöhbətimizin sözlərinə görə, hazırkı şəraitdə İstanbul razılaşması əsasında sülh danışıqları mümkün deyil:
“İstanbul danışıqları rus ordusu Kiyevin ətrafında dayananda baş tutmuşdu. Amma sonradan rus ordusu buradan geri çəkilməli oldu. Lakin indi şərait dəyişsə də Putin həmin şərtləri təkrarlayır. Ona görə də bu şəraitdə sülh danışıqları mümkün deyil.
Bütün hallarda Krımı Rusiyanın qaytaracağını düşünmürəm. Amma Moskva işğal etdiyi digər 4 əyalətdən əvvəl-axır çəkilməli olacaq”.
Rüfət Sultan, BakuPost