Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putin deyib ki, Qarabağ münaqişəsinin həlli Ermənistana bir çox faydalar gətirə bilər.
Putin bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Rusiya lideri rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınmasına da münasibət bildirib. “Bəlkə də bu qərarın Ermənistanın hazırkı rəhbərliyi üçün öz üstünlükləri var.
Çünki bu vəziyyət səhifəni çevirməyə və artıq heç bir münaqişə olmadan irəliləməyə imkan verir. İnsanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokadadan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, investisiyalar üçün sərhədləri açmaq və sair mümkündür. Əslində, üstünlüklər az deyil”,- deyə Putin bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, Qarabağ məsələsi regionda baş verən proseslərin başlanğıc nöqtəsi olub: “Bilirsiniz, mən yaxın keçmişi qurdalamaq istəmirəm, amma bütün hadisələr Qarabağ problemi ilə bağlı başladı...
Ermənistan rəhbərliyi, Baş nazirin özü Praqada müvafiq sənədi imzaladı və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdı. Həmin andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz ikili xarakter aldı.
Biz Azərbaycanın daxili işlərinə qarışa bilərikmi, yoxsa qarışmamalıyıq?”, - Putin bildirib. Qeyd edək ki, rəsmi Moskva 2022-ci ildən bəri Praqa Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair razılaşmanı Ermənistanın Baş naziri Nikol Paşinyana irad tutur.
Vladimir Putin isə hesab edir ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq Rusiya ilə Ermənistan arasında fikir ayrılığına gətirib çıxarıb. Bu məntiqlə Paşinyan Praqa Bəyannaməsini imzalamaqdan imtina etməli və Qarabağı Azərbaycan ərazisi kimi tanımamalı imiş. Lakin Paşinyanın Azərbaycanla razılaşma əldə etməsi Rusiyanın regiondakı geosiyasi maraqlarına zərbə vurub.
Rusiya Prezidentinin çıxışının davamı olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 2022-ci ildə İrəvanda keçirilən sammitində Ermənistan-Azərbaycanm şərti sərhədində müşahidəçilər yerləşdirməkdən imtina etməsini də əslində Praqa Bəyannaməsi ilə əlaqələndirməyə çalışır.
Putin bəyan edib ki, rəsmi İrəvan KTMT-dən Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrinin müdafiə etməsini tələb edib. Lakin KTMT-yə üzv digər dövlətlər əvvəlcə Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini bildiriblər.
Siyasi məntiq baxımından, Azərbaycanla Ermənistan arasında sərhəd olmadığına görə KTMT liderləri realist mövqe nümayiş etdirib. Çünki Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlamaqla Sovet döründə mövcud olmuş inzibati sərhədlərdən imtina edib.
Ona görə də sərhədlər yenidən müəyyənləşməlidir. KTMT-yə üzv olan dövlətlər də delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra müşahidəçilərin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsini məqsədəuyğun hesab edir.
Amma Rusiya Prezidentinin çıxışında Praqa Bəyannaməsi ilə sətiraltı bağlılıq ərazi bütövlüyü prinsipini istisna edir. Yəni Ermənistanın Baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasa, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini şərt kimi irəli sürməzdi.
Yəni Kreml Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasını özünün regiondakı maraqlarına zərbə hesab edir. Qeyd edək ki, eyni vaxtda, yəni 2022-ci ilin noyabr ayında Ermənistan həm də Rusiyanın vasitəçiliyi ilə sülh danışıqlarından imtina edib.
Bununla da Rusiya prosesdən kənarlaşdırılıb. Ona görə də Rusiya Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına Paşinyan hakimiyyəti ilə strateji kəsişmə nöqtəsi baxır.
Lakin Vladimir Putin 2020-ci ilin oktyabrında Vətən müharibəsi zamanı işlətdiyi ““Dağlıq Qarabağ” Azərbaycanın bir hissəsidir. Bitdi!” sözünü Praqa Bəyannaməsindən iki il əvvəl dediyini də unutmamalıdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin