Putin nüvə silahı atacaq: Dünyanı hədələdi

30.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın İrlandiyadakı diplomatik nümayəndəliyi Kalininqradın blokadaya alınacağı təqdirdə nüvə silahının tətbiq olunmasını istisna etməyib.

Diplomatik missiya NATO-nun regionu təcrid etmək cəhdlərinə qarşı ən sərt addımların atılacağını bəyan edib. 

“Əgər NATO regionu Rusiyanın qalan ərazisindən təcrid etməyə cəhd edərsə, Rusiya bütün öz arsenalını, o cümlədən nüvə silahını istifadə etməyə hazır olacaq”, - deyə Rusiyanın İrlandiyadakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Mətndə, həmçinin “NATO-nun Kalininqradın hava və dəniz blokadasına hazırlaşması barədə məlumatların daxil olduğu” qeyd olunur.

Bununla belə, səfirlik vurğulayıb ki, Rusiyanın Avropaya hərbi müdaxilə planı yoxdur və Avropa ölkələri ilə münasibətləri daha da pisləşdirmək üçün heç bir motivi yoxdur. Rusiya bir tərəfdən nüvə silahından istifadə ehtimalını gündəmə gətirir, digər tərəfdən isə Avropaya hərbi müdaxilə planının olmadığını bildirir. 

Rusiyanın nüvə silahından istifadəni istisna etməməsi real təhlükə kimi qiymətləndirilə bilərmi? 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cebheinfo.az”-a açıqlamasında Rusiyanın nüvə ritorikasına yenidən qayıtmasının səbəbini açıqlayıb. Politoloq Rusiyanın nüvə təhdidlərinin nəticə verməyəcəyini bildirib:

“Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra istədiyi nəticəni əldə etmədi və indi də bunu əldə edə bilmir. Bir müddət Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin Avropa dövlətlərini nüvə silahından istifadə edəcəkləri ilə hədələyirdilər. Amma bu hədə-qorxu öz nəticəsini vermədi. Çünki Rusiyanın nüvə silahı varsa, Fransanın da nüvə silahı var, Amerikanın da nüvə silahı var. Bu, böyük faciəyə gətirib çıxara bilərdi. Ona görə də bir müddət sonra bu ritorikadan imtina etdilər”. 

Elxan Şahinoğlu Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmadığını qeyd edib: “Son günlər yenidən bu ritorikaya qayıdıblar və Avropa dövlətlərini nüvə silahı ilə yenə də hədələyirlər. Lakin bu da nəticə verməyəcək. Görünür, Ukrayna cəbhəsində uğur əldə edə bilməyən Rusiya alternativ yollar axtarır. Onsuz da Rusiyanın vəziyyəti ağırlaşıb və inanmıram ki, nüvə silahından istifadə qərarı versinlər”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Putin Elxan Şahinoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью