Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Ermənistanı tələsdirir, İrəvan isə...
Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra özünün “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşım edərək bildirmişdi ki, Kreml rəhbəri ilə çox gözəl təması olub. İstər-istəməz, sual yaranır: Putin-Paşinyan görüşü həqiqətənmi müsbət məcrada keçdi? Suala cavabı hər iki liderin fikirləri kontekstində tapmağa çalışacağıq. Əvvəlcə Rusiya Prezidentinin dediklərindən başlayaq.
Deməli, V.Putin bildirdi ki, ölkəsi Ermənistanla dostluqda, qarşılıqlı faydaya əsaslanmış münasibətlərdə maraqlıdır, İrəvanla əlaqələr strateji tərəfdaşlıq və müttəfiqlik üzərindədir və bu, erməni xalqının, habelə Rusiyanın köklü maraqlarına əsaslanır.
Putinin vurğunu “erməni xalqının köklü maraqlarına” qoyması adi məsələ deyil. Aydındır ki, o, rus ictimai rəyinin erməni iqtidarı və erməni xalqı arasında fərqin olmasına dair tezisinə söykənir. Belə qənaətə gəlmək mümkündür ki, Moskva üçün Paşinyan hakimiyyəti bir o qədər əhəmiyyət daşımır. Yeri gəlmişkən, mövcud məqamı Rusiyanın ayrı-ayrı ekspert dairələrinin təmsilçiləri açıq şəkildə də vurğulayırlar. Ardınca V.Putin Rusiyanın Ermənistan iqtisadiyyatında oynadığı rola toxunub, bir sıra rəqəmlər səsləndirib, hazırda görülən işlərdən və perspektiv fəaliyyət sahələrindən söz açıb. Rusiya kampaniyalarının Ermənistanın iri vergi ödəcəyiciləri olduqlarını, onların iş yerləri yaratdıqlarını, ölkənin enerji təhlükəsizliyini təmin etdiklərini vurğulayan Kreml rəhbərinin mövzunu İrəvanın Avropa İttifaqına qoşulmaq niyyəti üzərinə gətirməsi də təsadüfi deyil. Çünki son illər Rusiya-Ermənistan münasibətlərinin ən böyük ziddiyyəti məhz bu məsələdir
Əlqərəz, ziddiyyətin ruhunu qoruyan Putin, təxminən, belə bir sual verir: Bir halda ki, Rusiya özünün iqtisadi potensialı ilə Ermənistan üçün həyati əhəmiyyətli sahələrdə həlledici rola malikdir, ikincinin Aİ-də nə işi var? Əlbəttə, Kreml rəhbərinin başqa açıqladığı məqamlar da istisna deyil. “Biz dəfələrlə bu mövzuya toxunmuşuq. Telefon danışıqları zamanı da, təmaslar zamanı da. Siz Rusiyanın Ermənistanın Avropa İttifaqına can atması ilə bağlı mövqeyini yaxşı bilirsiniz. Əlbəttə, bu, Ermənistanın və erməni xalqının qanuni hüququdur. Ermənistan suveren ölkədir. Erməni xalqı özünün inkişaf vektorunu müəyyənləşdirir. Amma bu, sözsüz ki, Avrasiya İqtisadi İttifaqında qalmaq üçün çətinliklər yaradır”, - deyən Rusiya lideri barəsində söz açdığı çətinliklər baxımından ticarət zəncirinin qırılması ehtimalını və digər cəhətləri misal çəkib, eyni zamanda, ümumən, Aİ ilə Aİİ arasındakı prinsipial fərqləri xatırladıb. Putin sözügedən fərqlərin Moskvanın Avropa ilə münasibətlərinin rəvan olduğu vaxtlarda da aşkar şəkildə göründüyü diqqətə çatdıraraq, Aİ ilə Aİİ-nin ayrıca baxış bucağının mövcudluğunu əsaslandırıb, diqqəti Ermənistanın Aİİ-də iştirak sayəsində əldə etdiyi maddi üstünlüklərə yönəldib.
Beləliklə, Prezident Putin bildirib ki, Avrasiya inteqrasiya proseslərində iştirakının ötən 10 ilində Ermənistanın ümumdaxili məhsulunun həcmi demək olar 3, idxalı isə 10 dəfə artıb. Buna görə də o, erməni xalqının İrəvanın gələcək siyasi-iqtisadi kursu barədə mövqeyini bildirməli və mövcud istiqamətdə real, müvafiq addımlar atılmalı olduğunu söyləyərkən, söhbəti referendumun üzərinə gətirib. O referendum ki, Rusiya tərəfinin fikrincə, erməni vətəndaşlarının ölkələrinin Aİ-də, yoxsa Aİİ-də qalmaq seçimini müəyyənləşdirməlidir. Putinin sözlərindən gəlinən qənaət də budur ki, məhz həmin seçimə görə İrəvanla münasibətlərdə korrektələr aparılmalıdır. Yəni əgər referendumda erməni xalqı Aİ-yə qoşulmaq qərarı verəcəksə, Rusiya və onun hakim rol oynadığı Aİİ-nin Ermənistana münasibəti fərqli olacaq, daha doğrusu, pozulacaq. Nəzərə alaq ki, Kreml rəhbəri, təxminən, bir ay əvvəl mövzuya dair “boşanma” ifadəsini dilə gətirmiş, Paşinyan isə buna cavab olaraq demişdi ki, məişət terminlərini siyasi müstəviyə daşımaq doğru deyil.
...Putin, ümumən, Rusiya rəhbərliyi Ermənistanı Aİ və Aİİ arasında seçimi tez bir zamanda etməyə çağırır. Paşinyan isə fikirləri ilə söz oyunu oynayır. Ola bilər, öz aləmində, vaxt udmağa çalışır. İllərin Nikola diplomatiya dərsi keçdiyini, Baş nazirin dərsini heç də pis mənimsəmədiyini söyləmək mümkündür. Amma məsələ yalnız bunda deyil.
***
Bəli, Paşinyan heç yerə tələsmir və tələsmək fikrində də deyil. O, Putinlə görüşdə son dərəcə səbirli və təmkinli formada bildirib ki, Ermənistan Rusiya ilə münasibətlərin dərinləşməsində və inkişafında maraqlıdır: “Ancaq nəzərə almaq lazımdır ki, son illər regionumuzda və Ermənistan ətrafında vəziyyət dəyişib. Bizə elə gəlir ki, məsələyə bu nöqteyi-nəzərdən baxmaq lazımdır. Çünki Ermənistanın Rusiya ilə əlaqələri münaqişəli durumda başqa məna kəsb edirdi. İndi regionda sülh yaranıb. Buna görə vəziyyətə sağlam nəzərlə baxmaq lazımdır. Hesab edirəm ki, bu, münasibətlərimizin inkişafına gətirəcək. Münasibətlərimizin dərinləşməsini və inkişafını nəzərdə tuturam. Bu, çox vacibdir”.
Diqqət yetirək, regionda sülhün formalaşdığını mühüm dividend olaraq vurğulayan Paşinyan, faktiki olaraq, bildirir ki, Ermənistan daha Rusiyaya Azərbaycanla münaqişəli durumda ona hamilik etmiş ölkə qismində yanaşmır. Üstəlik, Nikol vaxtilə mövcud olmuş bu baxışın sağlam məntiqdən uzaqlığını önə çəkir. Yəni o, barış mühitinin qərarlaşması ilə Ermənistanın Rusiyadan asılılığının aradan qalxdığını deyir. Paşinyan dolayısıyla Qarabağ münaqişəsinin tələ mahiyyətinə dair əvvəlki fikrini tirajlayır və sözünün davamında Aİİ müstəvisindəki gəlirlər baxımından Rusiyanın Ermənistan üçün cəlbediciliyi məntiqini yaxın qoymadığını bildirir. O, həmçinin üzünü Putinə tutaraq ona cavab verirmiş kimi bildirir: “Siz Ermənistanda işləyən Rusiya müəssisələrini yada saldınız. Mən deməliyəm: bu gün biz bu məsələni müzakirə etdik ki, Rusiyanın çoxsaylı kampaniyaları Ermənistanda uğurlu fəaliyyət göstərirlər. Onlar yüksək gəlirlidirlər və siz doğru dediniz ki, vergi ödəyirlər. Amma bu kampaniyaları iki hissəyə bölmək lazımdır. Uğurlu fəaliyyət göstərənlər, onlar gəlirlidirlər və inkişaf edirlər. Təəssüf ki, gəlirsiz, inkişaf etməyən kampaniyalar da var. Hesab edirəm ki, bu, həm Ermənistan, həm də Rusiya üçün problemdir və müzakirə olunmalı məsələdir. Bu nüanslara və suallara baxmaq lazımdır”.
Bəli, Paşinyanın mesajı, kifayət qədər, aydındır. O, diplomatik dillə demək istəyir ki, Ermənistandakı Rusiya şirkətlərinin mövcudluğunu və onların ölkə iqtisadiyyatında oynadığı rolu şişirtmək lazım deyil. Görünür, Nikol sözügedən şirkətlərin heç də hamısının öz işləri ilə məşğul olmadıqlarına dair müfəssəl məlumata malikdir. Onun deyimində, hətta, həmin şirkətlərin ölkədən çıxarılmasının mümkünlüyünə dair hədə elementi də görmək mümkündür. Yəni Paşinyan Putinin subliminal minnətinə eyni tərzli hədə ilə cavab verir.
***
Ermənistanın Aİ-yə qoşulmaq niyyətinə gəlincə, Paşinyan ölkəsinin ötən il bununla bağlı, yəni quruma üzvlüyün başlanması prosesinə dair qanun qəbul etdiyini xatırladıb, habelə, belə bir dövlət sənədinin Ermənistanın Aİİ çərçivəsindəki öhdəliklərinə nə dərəcədə zərər gətirdiyi məsələsinin müzakirə doğurduğunu bildirib. Baş nazirin sözlərinə görə, İrəvan Aİİ-nin hüquqi sənədlərini araşdırıb və özünün Aİ-yə can atmasında həmin sənədlərə zidd hansısa pozuntu aşkarlamayıb. Yəni Paşinyanın fikrincə, Ermənistan Aİ-yə üzv olmaq niyyəti ilə Rusiya və Aİİ qarşısındakı hansısa öhdəliyini pozmur.
Digər tərəfdən, məlumdur ki, Ermənistanın Aİ-yə yaxınlaşması fonunda ölkənin Aİİ-dən çıxarılacağına dair konsensus var. Paşinyan bu məqamı qabardaraq deyib ki, Aİİ-nin sənədlərində üzv ölkənin öz xoşu ilə təşkilatdan ayrılması məsələsi əksini tapıb. Yəni belə bir qərar verildikdə, hansı işlərin görüləcəyi qurumun əsasnaməsində yer alıb. Üzv ölkənin təşkilatdan uzaqlaşdırılmasından isə söz açılmır. “Orada üzv ölkənin Aİİ-dən çıxarılması ilə bağlı heç nə yoxdur. Yalnız bildirilir ki, üzv ölkə qurumdan özü çıxmaq istəyirsə, bununla bağlı 6 ay əvvəldən tərəfdaşlarını məlumatlandırmalıdır. Hesab edirəm ki, indiki situasiyaya bu nöqteyi-nəzərdən baxmalıyıq. Biz hazırkı an tərəfdaşlarımızı Avropa İqtisadi İttifaqından çıxmaq barədə məlumatlandırmamışıq. Bu fakta söykənməliyik”, - deyən N.Paşinyan İrəvanın Aİİ-dən çıxarılmasını qalmaqala çevirəcəyinin, qanunsuz hərəkət kimi qiymətləndirəcəyinin anonsunu verir.
***
V.Putinin referendum məntiqinə gəldikdə, Paşinyan bununla əlaqədar məsələnin də çox müzakirə edildiyini vurğulayıb. Onun sözlərinə görə, Aİ üzvlüyünə qoşulmaq niyyəti ilə bağlı dövlət sənədinin qəbulu referendum ideyasından imtina idi. Ümumxalq səsverməsinə ehtiyac Ermənistan parlamentinin sözügedən qanunu təsdiqləməyəcəyi təqdirdə yaranardı. Qanun isə Paşinyanın sözlərinə görə, vətəndaş cəmiyyətinin təşəbbüsüdür, bunun üçün imzalar toplanıb. Ancaq Nikolun diqqətə çatdırdığı təkcə bunlar deyil: “Məsələ (Aİ və Aİİ seçimi – red.) o həddə qədər yetişməyib ki, onu xalqın qarşısında (referendumda – red.) qaldıraq. Ümumən, biz hansı səbəbdən bu qanunu (Aİ-yə üzvlüyə qoşulmaq niyyəti ilə bağlı qanun nəzərdə tutulur – red.) qəbul etdik? Birincisi, referendum keçirməmək üçün. İkincisi, dəfələrlə və açıq şəkildə bildirdiyim kimi, ölkəmizin və xalqımızın alternativlər qazanması çox vacibdir. Bu, o demək deyil ki, Avrasiya İqtisadi İttifaqından narazıyıq. Baxmayaraq ki, Aİİ-də çoxsaylı işgüzar məsələlər, strateji suallar var və onları müzakirə edirik... Sadəcə, düşünürük ki, hazırkı beynəlxalq şəraitdə istənilən ölkə üçün – yeri gəlmişkən, məsələni Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində müzakirə etdik - çoxqütblü dünya düzəni vacibdir. Bu, legitim hədəfdir. Proses Rusiyaya və Avrasiya İqtisadi İttifaqına qarşı deyil. Çünki Rusiya və Aİİ ilə münasibətlərimizi çox yüksək qiymətləndiririk. Həqiqətən, siz yada saldınız da, bizim üçün, ölkəmizə bu münasibətlər önəmlidir. Ümid edirik ki, bu münasibətlər Rusiya üçün də vacibdir. Düşünürəm ki, həm Ermənistan Respublikası, həm Rusiya Federasiyası, həm də biz sizinlə (Putini işarə edərək – red.) bu münasibətləri qorumalıyıq. Mən hökumətimizin bunu etdiyini təsdiqləyirəm. Əminəm ki, siz də elə yanaşırsınız və buna görə sizə təşəkkürümü bildirirəm”.
Əslində, Rusiyanın Ermənistanda hansısa məsələ ilə bağlı referendum tələbi və ya məsləhəti yerinə düşmür. Axı Putin də bildirdi ki, Ermənistan suveren ölkədir. Paşinyan isə diplomatik davranaraq, birbaşa bu mətləbə toxunmur, referendumun yolverilməzliyinin izahını versə də, çalışır ki, Moskva ilə ziddiyyətlər dərinləşməsin.
Əlbəttə, Nikolun xeyli dərəcədə prinsipial davrandığı da nəzərdən yayınmır. O həm ölkəsinin Aİİ-dən çıxmaq istəmədiyini, həm də Aİ-yə qoşulmaq niyyətinin Rusiya ilə münasibətlər kontekstində dəyərləndirməyin düzgün olmadığını vurğulayır. Əslində, hər iki lider, yəni həm Paşinyan, həm də Putin əsl mahiyyətin kənarında gəzişir və mümkün qədər “körpüləri yandırmamağa” səy göstərirlər. Əsl mahiyyət isə Putinin vurğuladığı kimi, texniki məsələlərdə deyil, kompleks fərqlərdədir.
Rusiya lideri Paşinyanla görüşdə məhz bu fərqləri anlatmaq üçün Nikolun yuxarıda diqqətə çatdırdığımız fikirlərinə, bir növ, replika verir və kateqorik şəkildə bildirir ki, Ermənistanın Aİ-yə qoşulmaq niyyəti ilə bağlı qanunun qəbulu, faktiki olaraq, ölkənin Aİİ-dən uzaqlaşmaq istəməsi deməkdir. Yəni Kreml rəhbəri İrəvanın Aİİ-dən çıxmaqla bağlı rəsmi müraciət ünvanlamasına ehtiyacın duyulmadığını bildirir. Çünki hər iki təşkilatda, eyni zamanda, mövcudluq mümkün deyil, bir araya sığmır: “Problem bundadır. Gəlin, sakitcə bütün bunları müzakirə edək”.
Buna qarşılıq isə Paşinyan əvvəllər səsləndirdiyi və referenduma ehtiyacın olmadığına dair fikrə bir qədər düzəliş edib: “Mən düşünürəm və bu barədə açıq danışmışam. Başa düşürük ki, zamanı gələndə çox konkret seçim etmək lazım olacaq. Sadəcə, mövqeyimiz budur ki, indiki durumda zaman yetişməyib. Çünki alternativ hazırkı reallıqda yaranmayıb. Əgər yaransa, seçimi referendumun köməyi, yaxud onsuz edəcəyik. Belə variantlar da var. Mən məmnuniyyətlə sizinlə bu haqda söhbəti davam etdirə və bütün suallarınıza cavab verə bilərəm”.
***
Sonda ümumiləşdirmə apararaq bildirək ki, Putinin hansı sualına necə cavab verməsindən asılı olmayaraq, Paşinyanın Aİ və Aİİ dilemması ilə bağlı fikirləri bir o qədər yerinə düşmür. Onun söylədiklərindən gəlinən qənaət budur ki, İrəvan Aİ müstəvisində tam yaşam təminatı alanadək, loru dildə desək, Aİİ-nin hesabına dolanacaq. Putin Rusiyası bundan xəbərdar olduğundan, Ermənistanı seçim üçün tələsdirir.
Ancaq Paşinyanın haqlı olduğu bir məqam var. O, ölkəsinin Rusiya ilə əvvəlki iqtidarların dövründəki kimi vassal formasında yox, bərabərhüquqlu əsasda münasibət saxlamasının tərəfdarı olduğunu bildirir. Aydındır ki, belə bir düzən formalaşsa, üzünü Qərbə doğru çevirmiş, Qarabağ münaqişəsinin başa çatması və regionda sülhün qərarlaşması ilə Rusiyaya ehtiyac duymayan İrəvanın Moskva ilə təmasları baxımından Aİİ-yə ehtiyac duyulmaya da bilər. Həm də ona görə ki, Ermənistan rəhbərliyi balanslı beynəlxalq siyasət kursuna keçdiyini bəyan edib. Belə bir siyasət fayda verəcəkmi, bunu zaman göstərəcək.
Ə.CAHANGİROĞLU
XQ