Putin Paşinyanı hədələdi: Kartapetyan və Köçəryan buraxılmasa...

31.08.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının geniştərkibli tədbirlərində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə səfər edib.

“Cebheinfo.az”-ın məlumatına görə, Nikol Paşinyanın sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqalama verib. Uşakovun sözlərinə görə, hər iki liderin söhbətinin əsas mövzusu Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması perspektivləri olacaq. Moskva bu məsələnin yekun şəkildə aydınlaşdırılmasını vacib hesab edir. 

Uşakov qeyd edib ki, İrəvanın Avropaya inteqrasiya istəklərini Avrasiya İqtisadi İttifaqında iştirakdan əldə edilən əhəmiyyətli iqtisadi mənfəətlərlə uyğunlaşdırmaq çətindir. Bu, vəziyyətin ən yüksək səviyyədə nizamlanmasını tələb edir.

“Bundan başqa, Rusiya tərəfi Rusiya Federasiyası ilə mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsini müdafiə edən erməni müxalifətçilərinin son həbsləri məsələsini qaldırmaq niyyətindədir”, -deyə Uşakov bildirib.

Qeyd edək ki, Rusiya və Ermənistan liderlərinin sonuncu görüşü aprel ayının 1-də Moskvada keçirilib. Danışıqlar zamanı Vladimir Putin Nikol Paşinyandan Rusiya pasportu olan həbsdəki bəzi dostlarının Ermənistandakı daxili siyasi proseslərdə iştirtakına şərait yaratmağı xahiş etmişdi.

Yəni Putin dolayısı isə rusiyalı milyarder, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın həbsdən azad edilməsini və namizəd kimi parlament seçkilərinə qatılmasını Paşinyanın qarşısında şərt kimi irəli sürmüşdü. 

Lakin Ermənistanın Baş naziri bu xahişi qəbul etməkdən imtina etmişdi. Paşinyanın  “Ermənistan Konstitusiyasının və Seçki Məcəlləsinin başqa ölkə vətəndaşının deputatlığa və baş nazir vəzifəsinə namizəd ola bilməz” - deməsi Moskva və İrəvan arasında münasibətlərin gərginləşməsində mühüm rol oynadı. 

İyun ayında keçirilən parlament seçkilərindən sonra Nikol Paşinyan hökumətinin Rusiyaya bağlı revanşist müxalifətə təzyiqləri daha sistemli hal alıb.

Samvel Karapetyan ev dustağı olaraq qalmaqla yanaşı, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan və eks-prezident, Putinin həmişə “yaxın dostum” adlandırdığı Robert Köçəryan da həbs ediliblər.

Eyni zamanda, Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı “vəzifə səlahiyyətlərindən istifadə etməklə məhkəmə aktının icrasına mane olmaq” maddəsi ilə cinayət işi açılıb.

Katolikosu ən azı 1 il həbs cəzası gözləyir. Paşinyan hakimiyyətinə isə Rus Provaslav Kilsəsi tərəfindən idarə olunan II Qareginin həbs olunmasından daha çox istefaya getməsi lazımdır.

Bütün bunlar Avropa İttifaqı və ABŞ-nin Ermənistan üzərində geosiyasi təsirinin artdığı bir vaxtda Rusiyanın regiondakı mövqelərini zəiflədir.

Ermənistanın Avropa İttifaqına inteqrasiyası və müxalifət liderlərinin həbsi məsələsinin Rusiya tərəfindən bir paketdə danışıqlara çıxarılması da bununla bağlıdır. Əgər Putinlə Paşinyanın Bişkek görüşündən sonra Samvel Karapetyan, Qagik Tsarukyan və Robert Köçəryan barəsində çıxarılmış həbs qərarlarının dəyişdirilməsi istiqamətində addımlar atılsa, Rusiya-Ermənistan münasibətlərində müəyyən yumşalma baş verə bilər.

Putin müxalifət liderlərinin azadlığa buraxılması müqabilində, Ermənistan məhsullarına Rusiya bazarında tətbiq edilən qadağaların aradan qaldırılmasına zəmanət versə, Paşinyan tədricən belə bir güzəştə gedə bilər. Əks təqdirdə, Paşinyan aprel görüşündə olduğu kimi, Putinin tələbini dərhal rədd edərsə, bu, iki ölkə arasında münasibətlərin daha gərgin müstəviyə keçməsinə səbəb olacaq.  

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью