PUTİN QORXDU... Hakimiyyət anlamır ki...

12.08.2026

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Müxalif “Yabloko” partiyasının seçkidən kənərlaşdırılması Rusiya cəmiyyətində ciddi əks-səda doğurub. Bu da əsasən onunla bağlıdır ki, “Yabloko” sentyabrda keçiriləcək parlament seçkisində müharibə əleyhinə çıxan və onun dərhal dayandırılmasını təşviq edən yeganə partiya idi.

Hurriyyet.Media  xəbər verir ki, “Yabloko”nun yaradıcısı və federal siyasi komitəsinin sədri Qriqori Yavlinski Partiyanın seçkidən kənarlaşdırılmasına dair qərarı sərt təniqd edərək, bu addımın Kremldən qaynaqlandığını bəyan edib.

Onun Rusiya mediasında dərc edilən bəyanatında deyilir ki, Ali Məhkəmənin “Yabloko” partiyasını seçkidən kənarlaşdırmaq qərarı hakimiyyətin qorxduğunu göstərir.

Bəyanatda deyilir: “”Yabloko” bu seçkilərdə "Sülh və Azadlıq Uğrunda!" adlı proqramla iştirak edir. Biz atəşkəs, diplomatiya və sülh, eləcə də nüvə müharibəsinin qarşısının alınmasının tərəfdarıyıq. Biz Rusiyanın qorxu və siyasi repressiyalardan azad olmasını, insan həyatına dəyər verilməsini, insan ləyaqətinə və hüquqlarına hörmət edilməsini istəyirik. Məqsədimiz çiçəklənən, demokratik Rusiyadır.

Bizim çox sadə, qısa və tamamilə aydın bir proqramımız var. Buna görə də bütün baxış və mövqelərdən olan insanlar onu dəstəkləməyə başlayırlar.

Məhz bu proqramı olan bir partiyanın heç bir real əsaslandırma olmadan seçkilərdən kənarlaşdırılması siyasi sistemin özünüifşasıdır. Bu qərar, hər hansı rəsmi seçki nəticələrindən daha çox, proqramımızın əhəmiyyətindən xəbər verir. Aydındır ki, bu gün cəmiyyətdəki sülh və azadlıq tələbi hakimiyyətin gözlədiyindən daha güclüdür.

“Yabloko”ya səs vermək Rusiya vətəndaşları üçün alternativə ehtiyac olduğunu bəyan etmək fürsətidir. Bu, Rusiyada getdikcə daha çox insanın siyasi prioritetin həyatların qorunması, məqsədin isə atəşkəsə nail olmaq olduğuna inandığını deməsi üçün bir fürsətdir.

“Yabloko”nu seçkilərdən kənarlaşdırmaq, hakimiyyət üçün əlverişsiz suallar verən insanlarla dialoqdan imtina etmək deməkdir. Bu, “Yabloko”nun namizədlərindən daha çox onları dəstəkləyənlərə və ya dəstəkləyə biləcəklərə aiddir.

Bu, həm də Rusiya üçün siyasi və diplomatik imkanların daha da azalması deməkdir.

Hakimiyyət bütün bunlardan ya qorxur, ya da anlamır və “Yabloko”nu seçkilərdən kənarlaşdırır.

Biz qərarla razı deyilik və apelyasiya şikayəti verəcəyik.

Ümid edirik ki, apellyasiya məhkəməsi “Yabloko”nu seçkilərdən kənarlaşdırmaq qərarını ləğv edəcək. Ümid edirik ki, hökumət ictimaiyyətin sülh, azadlıq və qorxusuz həyat tələbini nəzərə alacaq və siyasətini dəyişəcək.

Söhbət “Yabloko”nun yox, Rusiyanın taleyindən gedir”.

Qeyd edək ki, siyasi şərhçilərin böyük əksəriyyəti “Yabloko”nun əvvəlcə seçkiyə buraxılmasını və qısa müddət sonra seçkidən kənarlaşdırılmasını Kremlin çaşqınlığı və tarazlığı itirməsi ilə əlaqələndirirlər. Belə ki, partiyanın namizədlər siyahısının MSK tərəfindən qeydə alınmasından qısa müddət sonra cəmiyyətdə “Yabloko”ya dəstəyin gözləniləndən qat-qat artıq olduğu aşkarlandı. Bu isə Kremlin siyasi kursunun uğursuzluğundan və müharibə əleyhinə olanların çoxluğundan xəbər verirdi. Bunu görən Kreml seçkidə daha ciddi problemlərlə qarşılaşmamaq üçün partiyanı seçkidən kənarlaşdırmaq kimi kobud və primitiv vasitədən istifadə etdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью