Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sverdlovsk vilayətinin şimalında “Qrot” kod adlı (1335 saylı obyekt) gizli hərbi obyekt yaradılıb. Obyekt rabitə üçün zəruri tezliklərdə radio dalğalarını keçirən süxurlardan ibarət Kоsva Daşı dağının daxilində yerləşir.
Bu barədə “Dossier” Mərkəzi, Danwatch və “The Sunday Times”ın araşdırmaçıları məlumat əldə ediblər. Onlar nəhəng bunkerin tikintisi və təchizatı ilə bağlı sənədləri, açıq mənbələrdəki məlumatları və obyektlə əlaqəli şəxslərin açıqlamalarını araşdırıblar.
Araşdırmaya görə, “Qrot” Rusiyanın strateji nüvə qüvvələrinin ehtiyat idarəetmə sistemi olan və Qərbdə “Dead Hand” (“Ölü əl”) kimi tanınan “Perimetr” sisteminin hakimiyyət tərəfindən modernləşdirilmiş variantının əsas qovşaqlarından biridir.
Təqaüddə olan general-mayor Viktor Xalin bildirib ki, Prezident Vladimir Putin sistemin yeni idarəetmə elementinin yaradılması ilə bağlı gizli fərmanı 2005-ci ilin mayında imzalayıb. Xalin 1970-ci illərdə “Perimetr” sisteminin yaradılmasında iştirak edib, 2005–2010-cu illərdə isə onun modernləşdirilməsinə rəhbərlik edib.
2010-cu ilə qədər yeni sistem sınaqdan keçirilib və “Qrot” obyektinə yerləşdirilib. Dağın yaxınlığında 2020-ci ilə qədər hərbi şəhərcik – Kıtlım salınıb.
Ölkə rəhbərliyinin məhv edilməsi halında cavab nüvə zərbəsini avtomatik şəkildə başlatmalı olan strateji obyekt dağın daxilində yerləşir. Kompleksə yeraltı otaqlar və tunellər, radio mərkəzləri, rabitə və həyat təminatı sistemləri, həmçinin strateji nüvə qüvvələrinin idarə olunması üçün avadanlıqlar daxildir.
Xalinin sözlərinə görə, 1335 saylı obyekt Rusiya rəhbərliyinə “qisas zərbəsini həm avtomatlaşdırılmış, həm də avtomatik rejimdə həyata keçirmək” imkanı verib. Başqa sözlə, son qərarın qəbulunda insanın iştirak etmədiyi mexanizmdən söhbət gedir.
Müqayisə üçün, sovet dövründəki “Perimetr” sistemində “düyməni sonuncu dəfə basmaq” hüququ hərbçilərdə qalırdı, maşında yox. Bununla belə, araşdırılmış sənədlərdə sistemin tam avtomatik rejimdə işlədiyini təsdiqləyən sübutların olmadığı bildirilir.
“Qrot” niyə yaradılıb?
Amerikalı nüvə silahlarının yayılmaması üzrə ekspert, Stenford Universitetinin professoru Cefri Lyuis hesab edir ki, Kreml “Qrot”u sabitləşdirici element kimi görür. Onun fikrincə, bu obyekt Rusiya rəhbərliyinə “daha çox əminlik və vaxt” verir.
Lyuis qeyd edir ki, sistemin yaradılması Rusiyanın özünü mümkün “rəhbərliyi məhv edən zərbə”dən qorumaq narahatlığı ilə də bağlıdır.
Araşdırılmış dövlət satınalmaları sənədlərinə görə, tikintisinə hələ 1982-ci ildə başlanılan obyekt üçün 22 min ton polad və 56 min ton sement tədarük edilib.
Hesablamalara əsasən, bu qədər materialdan təxminən iki böyük müasir Moskva metrosu stansiyası və onlara bitişik tunellər üçün kifayət edəcək həcmdə beton hazırlamaq mümkün idi.
Dağın daxilində nəhəng yeraltı kompleks
Araşdırmaçıların əldə etdiyi sənədlərə əsasən, “Qrot”un əsas hissəsi Kosva Daşının daxilində yerləşir. Kompleks üçün yeraltı tunellər, otaqlar və radio mərkəzləri yaradılıb.
Məlumata görə, dağın xüsusiyyətləri radio siqnallarının yeraltı komplekslə əlaqələndirilməsi baxımından əvvəlcədən araşdırılıb. 1981-ci ildə texniki təkliflər hazırlanıb və dağın süxurlarının xüsusiyyətləri öyrənilib.
1982-ci ildə 1335 saylı obyektin tikintisinə başlanılıb. Kompleksdə müxtəlif rabitə sistemləri üçün radio mərkəzləri yerləşdirilib və dağ həmçinin qorunan rabitənin sınaq meydanı kimi istifadə olunub.
Hərbi hissənin tarixçəsinə əsasən, Kosva Daşında müxtəlif radio mərkəzlərinin təxminən 30 eksperimental hissəsi yaradılıb və 150-yə yaxın rabitə sınağı keçirilib.
1990-cı ilə yaxın kompleksin ilkin tikinti mərhələsi başa çatıb. Daha sonra SSRİ-də başlayan iqtisadi böhran və ölkənin dağılması səbəbindən işlərin tempi əhəmiyyətli dərəcədə azalıb.
2004-cü ildə “Qrot” Rusiya Silahlı Qüvvələri Baş Qərargahının ehtiyat məntəqəsinin əsasına çevrilib. 2000-ci illərin ortalarından isə Kıtlımda yeni hərbi şəhərciyin tikintisinə başlanılıb. Yaşayış binaları, uşaq bağçası, klub, poliklinika, qazanxana və digər infrastruktur yaradılıb. İşlər 2020-ci ildə başa çatıb.
Yeraltında “üç Eyfel qülləsi” qədər polad
Araşdırmada Danwatch tərəfindən əldə edilən dövlət satınalmaları sənədlərində təxminən 22 min ton poladdan bəhs edilir.
Müqayisə üçün, Eyfel qülləsinin metal karkasının çəkisi təxminən 7,3 min tondur. Yəni 1335 saylı obyekt üçün alınan poladın çəkisi təxminən üç Eyfel qülləsinin metal konstruksiyasına bərabərdir.
Bundan əlavə, tikinti üçün təxminən 56 min ton sement və ən azı 13 min ton qum alınıb. Sənədlərdə xüsusi tikinti texnikası və avadanlıqların da alındığı qeyd olunur.
Tikinti materiallarının bir hissəsi birbaşa obyektin yaxınlığında hazırlanıb. Dağdan çıxarılan süxurlar əzilərək müxtəlif fraksiyalara bölünüb, çınqıl və qum əldə edilib. “Qrot”a girişlərdən birinin yaxınlığında beton zavodu da tikilib.
Danimarka Texniki Universitetinin professoru Per Qoltermannın hesablamasına görə, “Qrot” üçün alınan 56 min ton sementdən təxminən 150 min kubmetr beton hazırlamaq mümkündür.
Onun hesablamasına görə, bu həcm iki böyük müasir Moskva metro stansiyasının və onlara bitişik tunellərin tikintisi üçün tələb olunan həcmə uyğun gəlir.
Tikinti sənədlərində həmçinin sıxılmış hava sistemi ilə təchiz edilən ən azı 24 ayrı yeraltı sahədən bəhs olunur.
“Qrot” üçün xarici avadanlıqlar da alınıb
1335 saylı obyekt üçün alınan avadanlıqlar arasında Qərb istehsalçılarının məhsulları da yer alıb.
Sənədlərdə Danimarkanın “Rockwool” şirkətinin istilik izolyasiyası, “Danfoss”un armatur avadanlığı, İtaliyanın “K-Flex” izolyasiyası, Fransanın “Haulotte” tikinti texnikası və İsveçrənin “Belimo” klapanları kimi məhsulların adı çəkilir.
Bu satınalmaların bir hissəsi 2014-cü ildən sonrakı dövrə aiddir. Həmin vaxt Krımın ilhaqından sonra Avropa İttifaqı Rusiyaya hərbi və ikili təyinatlı məhsulların tədarükünə məhdudiyyətlər tətbiq etməyə başlamışdı.
2022-ci ilin fevralından sonra sanksiya rejimi daha da sərtləşib. Buna baxmayaraq, 1335 saylı obyektin tikintisi ilə bağlı sənədlərdə xarici istehsal məhsullarına rast gəlinib.
Beynəlxalq sanksiyalar hüququ üzrə mütəxəssis Aleks Prezanti bildirir ki, bu faktın özü sanksiyaların və ya ixrac nəzarəti qaydalarının pozulması demək deyil. Bunun üçün konkret məhsul, tədarük tarixi, marşrut, satıcı və istehsalçının son sifarişçi barədə nə bildiyi nəzərə alınmalıdır.
Bunkerin yaxınlığında platin mədəni
Kosva Daşının daxilində hərbi obyektin tikintisi davam etdiyi vaxt dağın ətəyində platin hasilatı aparılırdı.
Platin hasilatı XX əsrin 80-ci illərində demək olar ki, dayandırılıb, SSRİ dağıldıqdan sonra isə yenidən bərpa edilib. 2001-ci ildə yatağın işlənməsinə hazırlıq məqsədilə “Kosvinski Kamen” şirkəti yaradılıb.
2014-cü ildə layihəyə nəzarəti Böyük Britaniyada qeydiyyatdan keçmiş “Eurasia Mining” şirkəti əldə edib.
Şirkət Qərbi Kıtlım yatağında platin və platin qrupuna daxil olan digər metalların sənaye üsulu ilə hasilatına başlayıb. “Eurasia Mining” layihəni səthdən işlənən dünyanın ən böyük platin qrupu metal yataqlarından biri kimi təqdim edib.
Peyk görüntülərində mədən infrastrukturu ilə hərbi obyektin bir-birinə nə qədər yaxın olduğu görünür. Qərbi Kıtlım yatağının bəzi hissələri hərbi hissənin ərazisindən və Kosva Daşına girişlərdən cəmi bir neçə yüz metr məsafədə yerləşib.
“Eurasia Mining” isə Rusiya Müdafiə Nazirliyi, hərbi podratçılar və ya obyektin tikintisi ilə əlaqəli digər strukturlarla hər hansı münasibətinin olduğunu təkzib edir.