Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 19 noyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyinə hələ qərar verməyib. Onun sözlərinə görə, Rusiya istənilən halda sammitdə yüksək səviyyədə təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, Şençjendə keçirilən mətbuat konfransında V.Putin ABŞ Prezidenti Donald Trampın sammitə dəvət məsələsinə iki dəfə qayıtdığını bildirib. “Düşünəcəyəm, vəziyyətə baxacağam. Hələlik bununla bağlı qərar qəbul etməmişik”, – deyə V.Putin qeyd edib.
Jurnalistlər ondan, həmçinin Ukraynadakı münaqişənin nizamlanmasına dair ABŞ planı barədə soruşublar. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerin bildirdiyinə görə, plan Ukrayna üçün təhlükəsizlik təminatlarını, onun Avropa İttifaqına üzvlüyü perspektivini və ölkə iqtisadiyyatının bərpası proqramını nəzərdə tutur. C.Kuşner deyib ki, yekun sülh sazişinin şərtlərini Rusiya və Ukrayna razılaşdırmalıdır.
V.Putin planın müddəalarına münasibət bildirməyib, lakin Moskvanın danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib. “Müddətlərə gəlincə, danışıqları davam etdirməyə hazırıq, lakin hələlik heç bir müddət müəyyən etməmişik”, – deyə Rusiya Prezidenti bildirib.
O, həmçinin Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli görüşün qapalı hissəsində gəmiçiliyin təhlükəsizlik məsələsini müzakirə etdiklərini bildirib. Rusiya Prezidenti beynəlxalq dəniz hüququ normalarına riayət olunmasının vacibliyini vurğulayıb.
Şençjendə keçirilən görüşün 1945-ci il Yalta konfransı ilə müqayisəsinə münasibət bildirən V.Putin Yaltada dövlətlərin dünyanı təsir dairələrinə böldüyü barədə fikirlə razılaşmayıb. “Yalta sadəcə İkinci Dünya müharibəsindən sonra yaranmış reallıqları təsbit edib”, – deyə o vurğulayıb.
V.Putin Çinə səfərini başa vuraraq Şençjendən Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparmaq üçün işgüzar səfərlə Düşənbəyə yola düşüb. Prezident bildirib ki, o, regional təhlükəsizlik məsələlərini və Tacikistanda yerləşən Rusiyanın 201-ci hərbi bazasının gələcək fəaliyyətini müzakirə etmək niyyətindədir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva