Putin Ukraynada əldə etdiklərini rəsmiləşdirməyə çalışır Ekspert

02.02.2026

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Artıq Putin Ukraynanın işğalını legitimləşdirmək ərəfəsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin "xüsusi hərbi əməliyyat" (SVO) çərçivəsində əldə etdikləri hərbi üstünlüyün Rusiyanın qələbəsinə artıq imkan yaratdığı barədə bəyanatını şərh edərkən deyib. 

Ekspert bildirib ki, Rusiyanın Ukraynada həyata keçirdiyi siyasət birbaşa Moskvanın Kiyevə qarşı aneksiya siyasətidir:

"Rusiya Ukraynada qarşıya qoyduğu məqsədlərə de-fakto nail olub. İndi  onu legitimləşdirmək istəyir".

Təhlilçinin sözlərinə görə, Ukraynanın "NATO yolu"nun qarşısı alınıb, alyansın şərqə doğru genişlənməsini dayandırıb:

"Ukrayna da yerlə-yeksan edilib. Belə vəziyyətdə Putin Trampla siyasi bazarlaşmanı davam etdirir. Bu istiqamətdə güman ki, onlar arasında  razılaşma var. Ukrayna, Rusiya və ABŞ-da artıq sanki danışıqların yekunlaşdığını elan edirlər. Bu isə o deməkdir ki, artıq Putinin işğal etdiklərini legitimləşdirmək ərəfəsidir”.


Konfliktoloq qeyd edib ki, Trampla Putin bir-birinin hərəkətlərinə göz yummaqla məşğuldurlar:

"Putin Trampın Amerika qitəsindəki hərəkətlərinə göz yumur. Anoloji olaraq, postsovet məkanında Putinin hərəkətlərinə də Tramp göz yumur. Bu baxımdan da Putin çalışır ki, Ukraynada işğal etdiyi əraziləri legitimləşdirsin. Rusiyada kuluarlarda hətta MDB-nin artıq ittifaq dövləti səviyyəsinə gəlməsinin vaxtının yetişdiyi barədə bəyanatlar da səslənir. Putin dayandırılmasa, aydın məsələdir ki, postsovet ölkələri, Şərqi Avropa ölkələri üçün qorxulu bir kabus yaranacaq. Ona görə də Trampla Putin arasında belə siyasi bazarlaşmalara imkan vermək olmaz. Avropa ayıq olmalıdır. Çünki əks təqdirdə, yaxın və orta perspektivdə qarşılarında yenidən toparlanmış daha böyük bir Rusiyanı görə bilər". 

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "xüsusi hərbi əməliyyat" (SVO) çərçivəsində əldə etdikləri hərbi üstünlüyün artıq Rusiyanın qələbəsinə imkan yaratdığını bildirib.  Onun sözlərinə görə, mövcud vəziyyət baş verən proseslərdən konkret nəticələr çıxarmağa imkan verir. 

Sədr müavini qeyd edib ki, xüsusi hərbi əməliyyatın məqsədləri ilkin olaraq Rusiya Prezidenti Vladimir Putin tərəfindən müəyyənləşdirilib və həmin hədəflər indiyədək faktiki olaraq dəyişməz qalıb. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью