Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə açıq məktub ünvanlayaraq, müharibəyə son qoymaq üçün birbaşa danışıqlara başlamağı təklif edib.
Bakupost.az xəbər verir ki, Zelenski müraciətində qan tökülməsini dayandırmağın vaxtı çatdığını vurğulayıb.
Ukrayna lideri Putinə konkret tarix müəyyən etməyi və şəxsi görüş keçirməyi təklif edib. Qeyd olunub ki, danışıqların davam etdiyi müddətdə Ukrayna tərəfi cəbhə xətti boyunca atəşi tamamilə dayandırmağa hazırdır.
Bu arada Rusiya Prezidenti Vladimir Putin də bəyan edib ki, Moskva Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla Ankoricdəki müzakirələrə əsasən, Ukrayna ilə sülh razılığına gəlməyə hazırdır.
Politoloq Natiq Miri Bakupost.az-a bildirib ki, Putin Zelenski ilə birbaşa görüşə razılıq verməyəcək:
“Əslində Zelenskinin bu məktubu Putinin başladığı müharibənin qlobal səviyyədə açıq ifşasıdır. Çünki məktub təkcə Putinə ünvanlanmayıb. BMT, ATƏT-ə də ünvanlanıb. Məktubda Zelenski dolayısı ilə Rusiya rəhbərlyinin ifşasını ortaya qoyub. Bu isə Putinin əlindən müharibəni başlatmaqla bağlı arqumentlərini alır. Ona görə də bu məktubdan sonra Putinin Zelenski ilə görüşə razılıq verməsi məktubda qeyd olunanların qəbul olunması anlamına gələcək. Putin Zelenski ilə birbaşa danışıqlara hazır deyil”.
Ekspertin sözlərinə görə, Putin danışıqlara hazır olduğunu bəyan etməklə əslində sülhün əleyhinə olmadığını ortaya qoyur:
“Ən böyük yalan da budur. Çünki açıqlamadığı məqam bu fikrinin arxasında gizlənir. Rusiya güzəştlərə hazır olduğunu desə də, əslində bu fonda işğal faktını hiyləgərcəsinə gizlədir. Putin deyir ki, Zelenski ilə danışıqlara Ankoric görüşünün nəticələrinə əsasən razıdır. Bu kontekstdə Moskvanın güzəştlərə getməyə hazır olduğunu söyləyir, amma hansı güzəştlərdən söhbət getdiyini açıqlamır. Ankoricdə Putinlə Tramp razılaşdırmışdılar ki, Ukrayna ordusu Donbası tərk edib, onu Rusiyaya təhvil verir. Rusiya da bunun əvəzində Zaporejye və Xerson vilayətlərindən geri çəkilir. Hansı ki, bu ərazilərin əksəriyyəti azad olunub. Lakin Moskva bunları güzəşt kimi təqdim edir. Ukrayna rəhbərliyi bunları qəbul etmir və etməyəcək”.
Politoloq hesab edir ki, Rusiya elitası prezidentlərini müharibəni dayandırmağa məcbur etməsə və Ukrayna ordusu bu ölkəni daha böyük itkilərə məruz qoymasa Putin müharibəni dayandırmayacaq:
“Belədə nəticə də dəyişməyəcək”.
Rüfət Sultan, BakuPost