Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin gündəmdə olan Qrenlandiya məsələsi ilə bağlı açıqlama verərək, mövzunun Rusiyanı maraqlandırmadığını bildirib. Putin ABŞ və Danimarkanın bu məsələni öz aralarında həll etməli olduqlarını vurğulayıb.
Sherg.az xəbər verir ki, mövzuya ilk dəfə açıq şəkildə Rusiya Təhlükəsizlik Şurasının iclasında toxunan Putin, “Qrenlandiyada nə baş verirsə-versin, bu bizi maraqlandırmır” deyə bildirib.
Rusiya prezidenti eyni zamanda Danimarkanın Qrenlandiyaya münasibətini tənqid edib. Onun sözlərinə görə, Danimarka adaya qarşı “müstəmləkəçi” yanaşma sərgiləyib:
“Onlar Qrenlandiyaya qarşı kifayət qədər sərt, hətta qəddar davrandılar. Ancaq bu, tamamilə başqa bir mövzudur və hazırda demək olar ki, heç kim bununla maraqlanmır,” - deyə Putin qeyd edib.
Putin, həmçinin ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı israrlı mövqeyinə tarixi nümunələrlə cavab verib. O, Rusiya çarlığının 1867-ci ildə Alyaskanı ABŞ-a 7,2 milyon dollara satdığını xatırladıb. Bundan əlavə, Karib dənizində yerləşən Vircin adalarının 1917-ci ildə Danimarka tərəfindən ABŞ-a satıldığını da qeyd edib.
Qrenlandiyanın dəyərinin təxminən 1 milyard dollar ola biləcəyini bildirən Putin, ABŞ-ın bu məbləği ödəyə biləcəyini deyərək, “Bu, onların öz aralarında həll edəcəyi məsələdir,” ifadəsini işlədib.