Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qərbin sanksiyaları Moskvanı qlobal təchizat zəncirlərindən ayırdıqdan sonra Rusiya kritik xarici texnologiyalardan asılılığını azaltmaq üçün mübarizə aparır.
Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.
"Rusiya maşınqayırma, dron istehsalı və enerji də daxil olmaqla, müdafiə sektoru üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə idxaldan kritik asılı olaraq qalır.
Qeyri-enerji ixracını genişləndirmək, hasilatı və xaricdə təchizat zəncirlərini dəstəkləmək üçün lazım olan infrastrukturun qurulması səyləri də dayanıb. Rusiya İqtisadiyyat Nazirliyinin hesabatında ölkə iqtisadiyyatının transformasiyasının qaçılmaz olduğu vurğulanır və 2030-cu ilə qədər xarici təchizatçılardan texnoloji müstəqilliyin sürətlə əldə ediləcəyi proqnozlaşdırılır.
Sənədlə tanış olan ekspertlər Rusiyanın proqnozlarının həddindən artıq optimist olduğunu bildiriblər. Sanksiyalar Rusiyanı artıq Qərbdən ala bilməyəcəyi hissələri əvəz etmək üçün Çinə müraciət etməyə məcbur edir. Kiyev İqtisadiyyat Məktəbinin araşdırmasına görə, 2023-cü ildə Çin Rusiyaya idxal edilən mikroelektronikanın 90%-ni təmin edib. Sənəddə həmçinin nəzərdə tutulur ki, 2030-cu ilə qədər Rusiyanın özəl və dövlət sektorları tədqiqat və inkişafa birgə xərclərini iki dəfədən çox artıraraq ÜDM-in 2%-nə çatdıracaq",- məlumatda deyilib.
Finlandiyalı iqtisadçı Heli Simolanın sözlərinə görə, Rusiyanın idxaldan çox asılı olduğunu nəzərə alındıqda, bu təkliflər real görünmür.
Hesabatda 2030-cu ilə qədər əsas sektorlardakı şirkətlərin 80%-nin Rusiya proqram təminatından istifadə edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 46%-dən çoxdur.
Tədqiqatçı Aleksandr Prokopenko isə bildirib ki, Putin üçün 2030-cu il hədəfləri real plandan daha çox fantaziyaya bənzəyir.