Putinin planı: Kadırovun yerinə onu gətirmək istəyir Kritik isim

26.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya mediasında və ekspert dairələrində Çeçenistan rəhbəri Ramzan Kadırovun Kreml tərəfindən tədricən kənarlaşdırıldığına dair müzakirələr səngimir. Moskvanın post-Kadırov dövrünə hazırlaşdığı ilə bağlı məlumatlar artır. Rusiyanın “Vajnıye istorii” nəşrinin məlumatına görə, Kreml Kadırovun mümkün ölümündən sonra Çeçenistanda yarana biləcək hakimiyyət boşluğunun qarşısını almaq üçün planlar üzərində işləyir. Nəşr bu informasiyanı Kremlə və hakim “Vahid Rusiya” partiyasına yaxın mənbələrə istinadən yayıb.

Mənbələr Kadırovun ağır xəstə olması və varis kimi göstərilən 18 yaşlı oğlu Adam Kadırovun yol qəzasında ciddi xəsarət alması fonunda bölgədəki vəziyyəti “son dərəcə ağır” kimi qiymətləndirir.

Bu proseslər nə vəd edir və mövcud vəziyyəti necə dəyərləndirmək olar?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya əslində Ramzan Kadırovdan sonrakı dövrə çoxdan hazırlaşır:

“Burada əsas məsələ ondan sonra hakimiyyətə kimin gətiriləcəyidir və bu istiqamətdə uzun müddətdir iş aparılır. Faktiki olaraq Moskvanın Çeçenistandakı hakimiyyət dəyişikliyi ilə bağlı planı 2018-ci ildən mövcuddur. Əsas ssenarilərdən biri hazırda Putinin ekoloji məsələlər üzrə köməkçisi Ruslan Edelgeriyevin Çeçenistan rəhbərliyinə gətirilməsidir. O, Kremlin əsas qərarverici fiqurları — Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və Putinin yaxın ətrafından olan Aleksey Dyuminlə yaxın münasibətlərə malikdir.

Edelgeriyev Çeçenistanda uzun müddət baş nazir vəzifəsində çalışıb və regiondakı vəziyyəti dərindən bilən şəxsdir. Onun təyin olunması ilə bağlı planlar mövcuddur. Çeçenistan daxilində hansısa daxili qarşıdurma baş versə belə, Kadırovun istəklərindən asılı olmayaraq, Kreml öz namizədini artıq müəyyənləşdirib. Ramzan Kadırovdan sonra ailə üzvlərinin, xüsusilə də 18 yaşlı oğlunun hakimiyyətə gətirilməsi Rusiya rəhbərliyi üçün real variant deyil”.

Politoloq deyib ki, Çeçenistan kifayət qədər mürəkkəb, həssas respublikadır və Kremlin bu məsələ ilə bağlı uzunmüddətli planı var:

“Kadırov və ailəsinin Çeçenistandan uzaqlaşdırılacağı gözlənilir. Onun oğullarına Rusiya ordusunda və ya güc strukturlarında yüksək, lakin formal vəzifələr verilə bilər.

Hətta mediada Kadırovun növbəti seçkilərdən sonra Rusiya Federasiyası Federal Şurası sədr müavini vəzifəsinə gətirilə biləcəyi ilə bağlı söz-söhbətlər də dolaşır”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью