Putinin səfərindən çox QƏZƏBLƏNİBLƏR

17.08.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Yaponiya Rusiya ilə enerji əməkdaşlığını davam etdirməli və mövcud şəraitdə Moskva ilə münasibətləri mümkün qədər qoruyub saxlamağa çalışmalıdır".

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Yaponiyanın aparıcı beyin mərkəzlərindən biri olan "Sasakawa" Sülh Fondunun baş elmi işçisi, politoloq və Rusiya üzrə bir neçə kitabın müəllifi Taisuke Abiru “Kyodo” xəbər agentliyinə müsahibəsində bildirib. O, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının cənubundakı İturup adasına səfəri ilə bağlı açıqlayıb.

Ekspert xatırladıb ki, Yaponiya may ayında Ukraynaya dəstək məqsədilə NATO tərəfindən yaradılan PURL proqramına 14,6 milyon dollar ayırdığını açıqlayıb. Daha sonra Tokio Kiyevə çatdırılması üçün ABŞ istehsalı olan silah və avadanlıqlar alıb. Yaponiya, həmçinin ilk dəfə Özünümüdafiə Qüvvələrinin zabitlərini Ukraynaya yardım göstərən NATO strukturuna göndərib.

Abiru hesab edir ki, bu addımlar Moskvanın ciddi narazılığına səbəb olub. Onun sözlərinə görə, Rusiya Yaponiyanın NATO və Ukrayna ilə münasibətlərini gücləndirməsindən narahatdır və Tokionun tətbiq etdiyi sanksiyalara cavab verə bilər.

Ekspert Putinin İturup adasına səfərinin də hazırkı vəziyyətlə əlaqəli olduğunu düşünür. Onun fikrincə, Moskva Yaponiya tərəfindən tətbiq olunan sanksiyalar fonunda ikitərəfli münasibətlərin inkişafı üçün ciddi perspektiv görmür.

Bununla belə, Abiru Rusiyanın Yaponiya ilə iqtisadi və mədəni əlaqələri tamamilə dayandırmaq niyyətində olmadığını bildirib. O, xüsusilə Yaxın Şərqdəki qeyri-müəyyən vəziyyət fonunda Tokionun enerji sektorunda Rusiya ilə əməkdaşlığı davam etdirməsinin vacibliyini vurğulayıb.

“Bu mərhələdə yeganə seçim Rusiya-ABŞ münasibətlərini və Ukraynadakı vəziyyəti diqqətlə izləyərək Moskva ilə münasibətləri mümkün həddə saxlamaqdır”, – deyə ekspert qeyd edib.

Qeyd edək ki, avqustun 13-də Vladimir Putin şəxsən ilk dəfə İturup adasına səfər edib. Bundan sonra Tokio Rusiya tərəfinə sərt etirazını bildirib. İturup da daxil olmaqla, Cənubi Kuril adalarını “şimal əraziləri” adlandıraraq onların Yaponiya ərazisi olduğunu vurğulayıb.

Rusiya və Yaponiya arasında İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsinin imzalanmasına əsas maneələrdən biri Cənubi Kuril adalarının statusu ilə bağlı fikir ayrılığıdır. Yaponiya İturup, Kunaşir, Şikotan və bir sıra kiçik adalara ərazi iddiası irəli sürür. Moskva isə bu ərazilər üzərində Rusiyanın suverenliyinin beynəlxalq hüquq baxımından şübhəsiz olduğunu bildirir.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью