Putinin strateji hədəfi iflasa uğradı: Rusiya süni intellekt yarışında geri qaldı

08.12.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Wall Street Journal” yazır ki, Prezident Vladimir Putinin süni intellekti ölkənin strateji prioriteti elan etməsinə baxmayaraq, Rusiya bu sahədə aparıcı dövlətlərdən ciddi şəkildə geri düşüb. Ekspertlər geri qalmanın əsas səbəbi kimi Ukraynaya qarşı müharibənin doğurduğu sanksiyaları, texnologiya və investisiya çatışmazlığını göstərirlər.

Stenford Universitetinin yeni reytinqinə əsasən, Rusiya süni intellekt ekosistemlərinin inkişafı üzrə 36 ölkə arasında cəmi 28-ci pillədə qərarlaşıb. Mövcud rus modelləri isə ChatGPT və Gemini kimi qlobal sistemlərin hətta köhnə versiyalarının belə səviyyəsinə çatmır.

“Yandex”in keçmiş top-meneceri Yuri Podorojnı hesab edir ki, Moskva “yarışı uduzub” və illərlə geri düşüb. Sanksiyalar səbəbindən ölkənin çiplərə və yüksək texnoloji avadanlıqlara çıxışı ciddi şəkildə məhdudlaşıb: qrafik prosessorların idxalı 84% azalıb və mövcud resurslar hətta gündəlik tələbatı belə ödəmir.

Rusiya şirkətləri avadanlığı vasitəçilərdən almağa və xarici xidmətlərə qeyri-rəsmi yollarla abunə olmağa məcbur qalır. Maliyyələşmə də çökmüş vəziyyətdədir: son bir ildə ölkədəki süni intellekt startapları cəmi 30 milyon dollar cəlb edib. Müqayisə üçün, OpenAI təkcə bir ildə 6 milyard dollardan çox sərmayə toplayıb.

İnvestorların Rusiyaya üz tutmaması, kiçik bazar və beynəlxalq təcrid fonunda vəziyyəti daha da ağırlaşdırır. Üstəlik, süni intellekt sahəsində çalışan mütəxəssislərin təxminən 80%-nin ölkəni tərk etməsi Rusiyanın bu yarışda sıçrayış etməsini demək olar ki, mümkünsüz edir.

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью