Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə mütəxəssis "Bild" qəzetinə müsahibəsində deyib.
“Rusiyanın təhdidlərinə ciddi yanaşmaq lazımdır”, — deyə o bildirib.
Ekspertin sözlərinə görə, hətta ayrı-ayrı insidentlər belə Avropa üçün ciddi iqtisadi nəticələrə səbəb ola bilər. Bu, sığorta xərclərinin artmasına, yükdaşıma marşrutlarının uzanmasına və nəticədə dünya ticarəti üçün əlavə məsrəflərin yaranmasına gətirib çıxara bilər.
“Almaniya və Avropa iqtisadiyyatlarının inkişafı, siyasi sabitlik və suverenlik baxımından dəniz yollarından kritik dərəcədə asılıdır”, — deyə Brake xəbərdarlıq edib.
Almaniya Sığortaçılar Assosiasiyasının qiymətləndirməsinə görə, Rusiyanın mümkün cavabı Avropanın ticarət və gəmiçilik şirkətlərinə baha başa gələ bilər. Sığorta təşkilatları sığorta şərtlərini sərtləşdirə, alternativ daşıma marşrutlarının seçilməsi və yüklərin çatdırılma müddətinin uzanması isə əlavə xərclərə səbəb ola bilər.
Qəzetin yazdığına görə, Almaniya Gəmi Sahibləri Assosiasiyasında da Rusiya tərəfinin bəyanatları ilə bağlı narahatlıq ifadə olunub.
Xatırladaq ki, Rusiya Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Putin Cənubi Saxalində Sakit Okean Donanmasının flaqmanı, “Varyaq” mühafizə raket kreyserində olarkən bildirib ki, bəzi Qərb ölkələri beynəlxalq dəniz hüququnu pozaraq Rusiya iqtisadi operatorlarına məxsus mülki gəmilərin hərəkətini uzun müddətdir məhdudlaşdırmağa çalışır.
Putinin sözlərinə görə, son vaxtlar həmin ölkələr Rusiya gəmilərinin ələ keçirilməsi və onların daşıdığı əmlakın satılması imkanını da nəzərdən keçirməyə başlayıblar. O, bu cür hərəkətləri “piratlıq və quldurluq” adlandıraraq Moskvanın buna əks cavab verəcəyini bildirib.
Rusiya lideri vurğulayıb ki, cavab tədbirlərinin mütləq belə hücumların planlaşdırıldığı akvatoriyalarda həyata keçirilməsi şərt deyil. Moskva bunun üçün məqsədəuyğun hesab etdiyi başqa vasitələri də seçə bilər. Putinin sözlərinə görə, bununla bağlı Müdafiə Nazirliyinə müvafiq tapşırıq verilib və tapşırıq, o cümlədən Sakit Okean Donanmasının komandanlığına çatdırılıb.
Bizimyol.info