Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ukrayna müharibəsi daha aktiv fazaya keçənə qədər bu təklif Rusiyanın Baltik dənizindəki hərəkətlərini cilovlaya, onun qarşısını ala bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Polşa baş naziri Donald Tuskun Rusiyanın yaratdığı təhlükələrə qarşı Baltik dənizində hərbi-dəniz polisinin yaradılması təklifini şərh edərkən deyib.
Taleh Əliyev bildirib ki, müharibənin coğrafiyası genişlənsə, bu ideyanın gerçəkləşməsi Polşa, Baltik ölkələri və digər dövlətləri Rusiyanın hərbi təcavüzündən qoruya bilməyəcək: "Rusiya prezidenti Vladimir Putinin yeni nüvə doktrinasını imzalaması ilə əslində Ukrayna müharibəsinin yeni, daha irimiqyaslı savaşa çevrilməsi riskinin artdığının şahidi oluruq.
Doktrinada Kreml tərəfindən Ukraynaya dəstək verən ölkələrin də legitim hərbi hədəf kimi vurula bilməsinin əks olunması istər-istəməz NATO cinahındakı Avropa ölkələrinin ciddi fəallığına səbəb olub.
Son günlər Almaniyada da sığınacaqların yenidən hazırlanması, əhalinin bu istiqamətdə maariflənməsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir".
Həmsöhbətimiz qeyd edib ki, müharibənin coğrafiyası genişlənərsə, bu ilk növbədə Baltik ölkələri və Polşanı əhatə edəcək: "Polşa və Baltikyanı ölkələrin adı Rusiyanın qara siyahısında ilk yerdə olduğundan aydın məsələdir ki, ilk növbədə məhz həmin ölkələr təhlükədədir.
Bu plan Rusiya donanması tərəfindən Baltik dənizi vasitəsilə həyata keçirilə bilər.