Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya prezidentinin kiçik qızı Yekaterina Tixonovanın baletmeyster İqor Zelenskidən daha bir övladının dünyaya gəldiyi bildirilir. Uşağın doğumunun rəsmiləşdirilməsi isə təxminən 11 ay gecikdirilib.
Moderator.az xəbər verir ki, “Fokus” nəşrinin Rusiya müstəqil media orqanı “Agentstvo”ya istinadla yaydığı xəbərə görə, Putinin kiçik rəsmi qızı Yekaterina Tixonovanın baletmeyster İqor Zelenskidən oğlu doğulub. Bu barədə məlumat Rusiyanın qeydiyyat orqanlarına aid sızdırılmış sənədlərin araşdırılması nəticəsində üzə çıxıb.
Məlumata əsasən, Adrian İqoreviç Tixonov adlı oğlan 2025-ci il avqustun 15-də Moskvada dünyaya gəlib. Lakin onun doğum haqqında şəhadətnaməsi yalnız 2026-cı il iyulun 10-da Moskvanın Çertanovo rayonundakı qeydiyyat şöbəsi tərəfindən verilib.
Beləliklə, uşağın doğumunun rəsmi qeydiyyatı doğulduğu tarixdən təxminən 11 ay sonra aparılıb.
“Agentstvo”nun məlumatına görə, uşağın dünyaya gəlməsi ilə bağlı ilk sənəd doğum günü Rusiya Prezidentinin İşlər İdarəsinə tabe olan Mərkəzi Klinik Xəstəxana tərəfindən verilib. Bu tibb müəssisəsi Kremldəki xəstəxana kimi də tanınır.
Jurnalistlər doğum haqqında qeydin yalnız sızdırılmış məlumatların yer aldığı aqreqatorlardan birində mövcud olduğunu bildiriblər. Araşdırma zamanı sənəddə saxtalaşdırma əlamətləri aşkarlanmasa da, məlumatın həqiqiliyini müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
Doğumun niyə gec rəsmiləşdirildiyi məlum deyil...
“Agentstvo” jurnalistləri uşağın doğumunun təxminən bir il ərzində ictimaiyyətdən gizli saxlanılmasının mümkün səbəbləri barədə iki ehtimal irəli sürüblər.
Bunlardan biri Putinin ailəsinin daha bir nəvənin dünyaya gəlməsi faktını gizlətmək istəyi, digəri isə uşağın valideynlərinin fərqli soyadlar daşıması ilə bağlı yaranmış hüquqi və inzibati çətinliklərdir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, uşağa ehtimal olunan atasının soyadı deyil, anasının soyadından törədilmiş Tixonov soyadı verilib.
Tixonova və Zelenskinin daha bir övladı var...
“Agentstvo”nun araşdırmasına görə, Yekaterina Tixonova ilə İqor Zelenskinin bundan əvvəl də Elza adlı qız övladı dünyaya gəlib. 2017-ci ilin dekabrında doğulan qızın sənədlərində atasının soyadı və atasının adı göstərilib. Lakin xarici ölkələrə aid sənədlərdə onun anasının soyadı ilə qeyd olunduğu bildirilir.
Putin 2025-ci ilin iyununda ilk dəfə nəvələrindən biri barədə açıq danışarkən onun Pekindən olan dayəsi olduğunu söyləmişdi. Jurnalistlər həmin uşağın Elza olduğunu ehtimal edirlər.
Yekaterina Tixonova ilə İqor Zelenskinin münasibətlərinin ən geci 2017-ci ildən başladığı bildirilir. Zelenski vaxtilə Münhendəki Bavariya Dövlət Baletinin bədii rəhbəri vəzifəsində çalışıb.
Tixonova bundan əvvəl 2013-cü ildə iş adamı Kirill Şamalovla ailə qurmuş, lakin cütlük 2018-ci ilin yanvarında boşanmışdı.
Putinin nəvələrinin sayı dördə çata bilər...
İndiyədək Putinin rəsmi nikahdan doğulan iki qızının övladları arasında ən azı üç nəvəsinin olduğu barədə məlumatlar yayılmışdı. Onlardan ikisi böyük qızı Mariya Vorontsovanın, biri isə Yekaterina Tixonovanın övladıdır. Yeni məlumat təsdiqlənərsə, Adrian Putinin dördüncü nəvəsi olacaq.
Qeyd edək ki, Rusiya prezidenti ailə üzvlərinin şəxsi həyatı, xüsusilə də övladları və nəvələri barədə məlumatları ictimaiyyətdən gizli saxlamağa çalışır. Bu səbəbdən yayılan məlumatların müstəqil təsdiqi hələ də mümkün olmayıb.
S.Laçın