Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Rusiya ilə ərazi mübahisələrinin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa təmas qaçılmazdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Çexiyanın “Cesky Rozhlas” radiosuna verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, ərazi məsələsinin yalnız texniki və ya işçi qruplar səviyyəsində həlli mümkün deyil.
Ukrayna lideri qeyd edib ki, tərəflər arasında bu mövzuda real irəliləyiş yalnız dövlət başçıları səviyyəsində aparılacaq danışıqlar nəticəsində əldə oluna bilər:
“Ərazi məsələləri üzrə razılaşma əldə etmək üçün ən azı Rusiya lideri ilə müəyyən formatda əlaqə qurulmalıdır. Liderlər səviyyəsində dialoq olmadan komandaların razılığa gələcəyinə inanmıram”.
Zelenski əlavə edib ki, müharibənin başa çatdırılması məqsədilə hazırlanan 20 bəndlik sülh planında ərazi məsələlərinə xüsusi yer ayrılıb və bu məsələlərin həlli üçün şəxsi görüş vacibdir.
Bundan başqa, Ukrayna Prezidenti vurğulayıb ki, sənəddə Avropa İttifaqına üzvlük perspektivi yer aldığı üçün sülh planı yalnız ABŞ, Ukrayna və Rusiya tərəfindən deyil, eyni zamanda, Aİ tərəfindən də imzalanmalıdır.