Putinlə danışdı, Zelenskini yola salır: Trampın PLANI nədir?

12.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynada yeni prezidentin seçilməsinin vaxtı çatıb. Ağ Ev lideri bu açıqlamanı Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın dizel yanacağının ixracına qoyulan sanksiyaların müvəqqəti yumşaldılması barədə qərarın elan edilməsindən sonra səsləndirilib.

Maraqlıdır, hazırkı şəraitdə Ukraynada prezident seçkilərinin keçirilməsi mümkündürmü, yoxsa bu, Volodimir Zelenskini güzəştlərə məcbur etmək üçün təzyiq taktikasıdır?

Politoloq Oqtay Qasımov mövzunu Bakıvaxtı.az-a şərh edib.

Onun sözlərinə görə, ABŞ prezidentinin açıqlaması Ukraynaya təzyiq vasitəsi kimi qiymətləndirilməlidir. O hesab edir ki, Trampın Putinlə əldə etdiyi razılaşma Rusiyanın hücum siyasətini davam etdirməsinə stimul verə bilər.

Ekspert bildirib ki, Rusiyaya qarşı təzyiqi artırmaq əvəzinə, Ukraynaya güzəşt etməsi üçün təzyiq göstərilməsi düzgün yanaşma deyil. Onun fikrincə, Rusiyanın dizel yanacağının ixracına tətbiq edilən sanksiyaların müvəqqəti yumşaldılması da Moskvanın müharibəni davam etdirmək üçün əlavə maliyyə imkanları əldə etməsinə şərait yarada bilər.

Qasımov qeyd edib ki, Trampın seçkilərlə bağlı açıqlamasına Zelenski dərhal münasibət bildirib və iki aylıq atəşkəs əldə olunacağı təqdirdə seçkilərin keçirilməsinə hazır olduğunu bəyan edib.

Oqtay Qasımov: Trampın bu mövqeyi Zelenskini güzəştlərə məcbur etmək məqsədi daşıya bilər

Politoloqun fikrincə, Trampın Ukraynada sülh sazişi imzalayacaq yeni liderə ehtiyac olduğu barədə mövqeyi Zelenskini güzəştlərə məcbur etmək məqsədi daşıya bilər. Bununla belə, ekspert hesab edir ki, Ukraynada mümkün seçkilərdə iştirak edə biləcək digər tanınmış siyasi və hərbi fiqurların da Rusiyanın ərazi iddialarını qəbul etməsi inandırıcı görünmür.

"Trampın bu açıqlamasının real nəticə verəcəyi sual altındadır. Rusiyanın iki aylıq atəşkəsə razılaşacağına və belə bir razılaşmadan sonra seçkilərin keçirilməsinin mümkün olacağına şübhəlidir".

Politoloq Trampın son addımlarını ABŞ-də aralıq seçkilər ərəfəsində daxili siyasi mövqelərini qorumaq cəhdi kimi də qiymətləndirib. Onun fikrincə, qlobal enerji bazarında yaranan problemlərin əsas səbəbi Rusiya-Ukrayna müharibəsi deyil, ABŞ, İsrail və İran arasında gərginlikdir.

"İran ətrafında yaranan vəziyyət dünya enerji bazarına ciddi təsir göstərir. Vaşinqtonun Tehranla danışıqlarda razılığa gələ bilməməsi Trampın İran siyasətinin nəticələri ilə bağlı suallar yaradır".

Xatırladaq ki, Tramp və Putin oktyabrın 9-da telefon danışığından sonra Rusiya dizel yanacağının ixracına dair razılığa gəliblər. Razılaşmaya əsasən: Rusiya ABŞ və dünya bazarlarına dizel yanacağı tədarük etməyə razılaşıb. ABŞ Rusiyaya məxsus dizel yanacağının satışına, daşınmasına və idxalına imkan verən müvəqqəti lisenziya verib. Lisenziyanın 2027-ci il aprelin 7-dək qüvvədə olması nəzərdə tutulub. Zelenski bu addımı tənqid edərək, Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının Moskvanın müharibəni maliyyələşdirməsinə kömək edə biləcəyini bildirib.

Günəş Mərd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью