Icma.az bildirir, Moderator.az portalına istinadən.
Rusiya prezidenti Vladimir Putinə müraciət edərək ordudakı işgəncələrdən danışan və onunla görüş tələb edən keçmiş hərbçi Aleksandr Lunin 11 sutka müddətinə həbs edilib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Məlumata görə, Lunin əvvəlcədən planlaşdırdığı kimi Moskvaya yollanıb. Həmin gecə isə Voronej vilayətindəki evində polis əməkdaşlarının iştirakı ilə axtarış aparılıb. Onun həyat yoldaşı bildirib ki, hazırda Lunin sağdır və vəziyyəti yaxşıdır.
Aleksandr Luninin Putinə ünvanladığı videomüraciət sosial şəbəkələrdə milyonlarla baxış toplayıb. O, videoda rus hərbçilərinin bəzi komandirlər tərəfindən işgəncələrə məruz qaldığını, "mənasız intihar əmrlərini" yerinə yetirməkdən və pul verməkdən imtina etdiklərinə görə təzyiq gördüklərini iddia edib.
Lunin həmçinin Kremlin onunla görüş təşkil etməyəcəyi təqdirdə orduda qiyam təhlükəsinin yarana biləcəyini söyləyib. Kremlin sözçüsü Dmitri Peskov müraciətlə tanış olmadıqlarını, lakin səsləndirilən fikirlərin "kifayət qədər qəribə" göründüyünü bildirib.
Daha sonra Lunin Moskvaya dəvət aldığını açıqlayıb. O bildirib ki, prezidentlə deyil, Kremlin tərəfdarı kimi tanınan Vitali Borodinlə görüşəcək. Keçmiş hərbçi həmçinin Rusiya ordusunda hərbçilərə qarşı törədildiyini iddia etdiyi qanunsuzluqlarla bağlı foto və video sübutların toplanmasına başladığını açıqlayıb.