Puxaç: “İsa Məsih kimi olmaq istərdim”

13.10.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah” futbol komandasının müdafiəçisi Timoteuş Puxaç dini inancı, şəxsi həyatı və UEFA Çempionlar Liqasına yüksəlməsi barədə açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, 27 yaşlı polşalı futbolçu Maya Strelçikin “Autochwile” podkastında Allaha inamının həyatında mühüm yer tutduğunu bildirib.

Puxaç həmişə inanclı olduğunu, lakin son dövrlərdə həyatında ciddi mənəvi dəyişikliklər baş verdiyini açıqlayıb. Onun sözlərinə görə, həyat yoldaşı Oliviya ilə tanışlığı bu prosesə böyük təsir göstərib.

“Oliviya ilə tanış olanda əsl sevgini tapdığımı hiss etdim. Mənim üçün Allah sevgidir. Həyat yoldaşımla Allaha olan sevgim arasında güclü bağlılıq var. Bu yaxınlarda dedim ki, İsa Məsih kimi olmaq istərdim. Sadəcə, hamıya yaxşılıq etmək istəyirəm”, - deyə futbolçu bildirib.

Polşa millisinin üzvü matçlara özü ilə İncil apardığını və meydana çıxmazdan əvvəl ondan parçalar oxuduğunu da açıqlayıb.

Ötən mövsümdən “Sabah”da çıxış edən Puxaçın Azərbaycana transferi zamanı futbol karyerasının geriləyəcəyini düşünənlər olub. Lakin müdafiəçi Bakı təmsilçisi ilə Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb, daha sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.

Futbolçunun həyat yoldaşı Oliviya Puxaç da podkastda iştirak edərək həyat yoldaşının tənqidlərdən motivasiya aldığını bildirib.

Puxaç isə Çempionlar Liqasına vəsiqə qazanmasını dini inancı ilə əlaqələndirib:

“Mən tez-tez deyirəm ki, Allah mənə müəyyən şeyləri göstərir və arzuları səbəbsiz yerə vermir. Buna bütün qəlbimlə inanıram. Bunun nə vaxt baş verəcəyini bilmirəm, amma ardıcıl şəkildə həmin yolla gedirəm. Çempionlar Liqasına yüksələndə o qədər xoşbəxt idim ki, insanların hələ də Allaha necə inanmadığını düşünürdüm”.

Polşalı müdafiəçi həyat hekayəsinin başqalarına da nümunə olacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Puxaç bu gün “Sabah”ın heyətində Çempionlar Liqasının liqa mərhələsində ikinci oyununa çıxacaq. Bakı təmsilçisi Çexiyanın “Slaviya” (Praqa) klubunu qəbul edəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda təşkil olunacaq və saat 20:45-də başlayacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью