Icma.az, Sportal.az saytına istinadən bildirir.
Bütün diqqətini Çempionlar Liqasındakı çıxışlarına yönəldən "Qarabağ" bunun acısını Misli Premyer Liqasında çəkir. Avropanın aparıcı futbol turnirində tarix yazan komanda, daxili çempionatda liderliyini itirib, "Sabah"dan 4 xal geri düşüb.
Problem ondadır ki, ÇL-də oynayan əsas heyət üzvləri tapşırığın öhdəsindən gəldiyi halda, ikinci heyət bizim liqada uğursuz çıxış edir. Burada ortaya sual çıxır ki, Qurban Qurbanovun əsas heyət üzvlərini həm ÇL-də, həm də Premyer Liqada istifadə eləyə bilməməsi nədən qaynaqlanır.
Bu mövzuda Cavid Hüseynovun fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən mütəxəssis bunu bir neçə səbəblə əlaqələndirdi:
"Yəqin ki, Qurban Qurbanovu hal-hazırda düşündürən əsas məsələ zədə ehtimalıdır. Yəni, əsas heyət üzvlərinin Premyer Liqada zədə almasından sığortalanır. Digər səbəb "Qarabağ"ın əsas heyət üzvlərinin hər üç gündən bir oynayacaq gücdə olmamasıdır. Bu, yorğunluğa, zədələrə gətirib çıxara bilər.
Sual yarana bilər ki, bəs, Avropanın aparıcı klublarında necə olur ki, futbolçular bir neçə turnirdə çıxış edə bilirlər... Məsələ burasındadır ki, qabaqcıl futbol ölkələrində oyunçular buna gənc yaşlardan uyğunlaşırlar. Ona görə də, onlar davamlı olaraq belə sürət və yükləmə altında oynamağa alışıblar. "Qarabağ"a gələn legionerlərə baxsaq, onlar da olduqları klublarda belə rejimdə çıxış etməyiblər. Yəni, onlar üçün də belə qrafik ağır gəlir".
saytlarin hazirlanmasi