Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Siyasi mühacirlərə qarşı qiyabi məhkəmə hökmlərinin çıxarılması və onların Azərbaycana qaytarılması məsələsi son günlər ölkə gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Xüsusilə, Qabil Məmmədov, Tural Sadıqlı və digər şəxslərlə bağlı verilən qərarlar həm hüquqi müstəvidə, həm də ictimai-siyasi dairələrdə müxtəlif reaksiyalara səbəb olub. Hökumətin bu şəxslərin ölkəyə gətirilməsi üçün hansı konkret addımları atacağı maraq doğurduğu bir vaxtda, mövzu ilə bağlı siyasətçilər və ekspertlər məsələnin beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyini vurğulayırlar.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, dünya hüquq normaları ilə idarə olunmalıdır, lakin bir çox hallarda bu prinsiplərə əməl edilmir:
“Adlarını çəkdiyiniz şəxslər özlərinin qanunların aliliyinin qorunduğu ölkələrdə yaşadıqlarını deyirlər. Amma biz görürük ki, bir ölkənin ərazisində başqa bir dövlətə qarşı təhqiramiz, rüsvayçı ifadələr işlədilir və həmin ölkənin hüquq-mühafizə orqanları buna göz yumur. Bu halda hansı qanunun aliliyindən danışmaq olar?”
Akif Nağı qeyd edib ki, tənqid hüquqi və normal çərçivədə mümkündür, lakin təhqir yolverilməzdir:
“İstənilən ölkənin rəhbərliyini, məmurlarını tənqid etmək olar. Amma bu tənqid artıq təhqirə çevrilirsə, xüsusilə kobud və alçaldıcı formada aparılırsa, bunun qarşısı alınmalıdır. Dünyanın heç bir yerində təhqir qəbul edilmir.”
Partiya sədri bildirib ki, Azərbaycan tərəfi hüquqi müstəvidə bütün prosedurlara əməl edib:
“Bu şəxslər hüquq-mühafizə orqanlarına və prokurorluğa dəvət olunublar, barələrində cinayət işinin açılması barədə məlumat verilib, məhkəməyə çağırılıblar, lakin gəlməyiblər. Qanunvericiliyə uyğun olaraq prosedurlar icra edilib və nəticədə məhkəmə hökmü çıxarılıb.”
Onun sözlərinə görə, Azərbaycan bu qərarların icrası üçün beynəlxalq hüquq çərçivəsində addımlar atmağı planlaşdırır:
“Dövlətin bu məsələlərlə bağlı müəyyən planları var və həmin şəxslərin Azərbaycanda cəzalarını çəkmələri üçün hüquqi mexanizmlərdən istifadə olunacaq. Sonradan apellyasiya hüquqları da var.”
Akif Nağı vurğulayıb ki, konkret olaraq hansı beynəlxalq hüquqi addımların atılacağı dövlətin səlahiyyətindədir:
“Bu məsələnin hüquqi tərəfi var və beynəlxalq müstəvidə qəbul olunan mexanizmlər çərçivəsində qərarlar veriləcək. Bunu da Azərbaycanın özü müəyyən etməlidir.”
Aynurə İsmayıl
KONKRET.az
