Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti "Kəndahar” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmir edəcək. Buna görə "Kəndahar” MMC-yə 799 054,11 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Kəndahar” MMC 17 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Qobu qəsəbəsi, ev 42, mənzil 25-də yerləşir. MMC-nin qanuni təmsilçisi Paşayeva Mətanət Əlhəmpaşa qızıdır.
Açıq mənbələrdə "Kəndahar” MMC haqqında heç bir məlumat yoxdur. Mətanət Paşayeva barəsində də hər hansı məlumata rast gəlinmir.
Araşdırmalarımız zamanı məlum olub ki, "Kəndahar” MMC ilə "Star Construction” MMC vaxtilə eyni hüquqi ünvanda qeydiyyatda olublar. Bu barədə mediada da yazılıb. Bundan başqa, 2023-cü ildə yerli mətbuatda gedən məlumata görə, "Kəndahar” MMC ilə "Star Construction” MMC Şirvan Şəhər İcra Hakimiyyətinin Şirvan şəhərində yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderdə qiymətin artırılmasına yönəlik sövdələşməyə gediblər. Bu baxımdan da tender ləğv edilib.
Bu fakt "Kəndahar” MMC-nin tender əməliyyatları üçün yaradıldığına dair şübhələri artırır.
Maraqlıdır ki, "Kəndahar” MMC təsis edildiyi ildən, yəni 2023-cü ildən satınalma müsabiqələrində iştirak edib və adətən qalibi seçilib. Həmin il şirkətlə satınalma müqaviləsi imzalayan qurumlardan biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti olub.
Sözügedən qurum 2024-cü ildə də şirkətlə 297 448,5 manatlıq satınalma müqaviləsi imzalayıb.
Seyid