Qadın güləşçilərin mübarizəsi

31.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən Azərbaycanın daha beş qız güləşçisi Bakıda təşkil olunan U-17 Dünya çempionatında mübarizəyə başlayıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 40 kiloqram çəki dərəcəsində yarışan idmançımız Gülxanım Şirinova 1/4 finalda tunisli Tasmin Atimniyə “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şirinova bu gün təsəlliverici görüşə çıxacaq.

46 kiloqram çəki dərəcəsində yarışan Nuray Cəfərli isə 1/4 finalda macarıstanlı Vivyen Sentpala 8:10 hesabı ilə uduzub.

53 kiloqram çəki dərəcəsində yarışan qadın güləşçimiz Fatimə Bayramova israilli Sela Rozovla moldovalı Ruslana Karapetianta 11:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda amerikalı Marli Solomona “tuş”la uduzub. Rəqib finala yüksəldiyi üçün Fatimə bu gün təsəlliverici görüşə çıxacaq.

Azərbaycanın qadın güləşçisi Fidan Babayeva Bakıda təşkil olunan Dünya çempionatında ilk görüşünü keçirib. 61 kiloqram çəki dərəcəsində yarışan idmançımız Fidan Babayeva 1/8 finalda qazaxıstanlı Aruzhan Bakitnura 2:11 hesabı ilə məğlub olub. 69 kiloqram çəki dərəcəsində yarışan idmançımız Simurə Abdullayeva 1/8 finalda qırğızıstanlı Milana Ulanovaya 6:10 hesabı ilə yenilib.

Xatırladaq ki, sırağagün Azərbaycanın 4 qız güləşçisi ilk görüşlərində uduzaraq mundialla vidalaşıblar. Daha əvvəl oğlanlardan ibarət yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 6 medalla başa vurub. İsfahan Həsənov (80 kiloqram), Əli Cavadlı (45 kiloqram) və Abdurrahman Hüseynli (51 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram), Elmir Çərkəzov (60 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc mükafata sahib çıxıblar. 3 gümüş və 3 bürünc medal qazanan millimiz 107 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. Rusiya (127) 1-ci, İran (96) isə 3-cü yeri tutub.

Q.YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью