Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 12 oktyabr, AZƏRTAC
Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunda təhsil alan qadın hərbi kursantlarla görüşüb.
Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, Silahlı Qüvvələrin formalaşması, Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə, o cümlədən hərbçilərə göstərilən diqqət və qayğı barədə geniş məlumat verilib.
Həmçinin hərbi intizamın qorunmasının, qanunçuluq prinsiplərinə riayət edilməsinin, hərbi qulluqçuların hüquq və vəzifələrini dərindən bilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, hərbi sahədə peşəkarlıq, məsuliyyət, vətənpərvərlik və yüksək mənəvi keyfiyyətlər gələcək zabitlərin formalaşmasında mühüm rol oynayır.
Qadın kursantların hərbi təhsil alması Azərbaycan Ordusunda qadınların rolunun genişlənməsi və onların hərbi sahədə peşəkar inkişafı baxımından əhəmiyyətlidir. Bu istiqamətdə gənc kursantların bilik və bacarıqlarının artırılması, onların dövlətə və Vətənə sədaqət ruhunda yetişdirilməsi xüsusi önəm daşıyır.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, kursantları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Məlumatda vurğulanıb ki, belə görüşlər hərbi qulluqçuların hüquqi maarifləndirilməsinə, qanunçuluğun və intizamın möhkəmləndirilməsinə, eləcə də gələcək zabitlərin peşəkar inkişafına mühüm töhfə verir.