Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qadın nə etməlidir ki, dəyərli olsun? Daha çox sevməlidir, daha çox güzəştə getməlidir, susmalıdır, bağışlamalıdır, yoxsa hər kəsin rahatlığı üçün öz istəklərindən imtina etməlidir? Bəlkə də qadınların ən böyük yanlışı dəyərli olmaq üçün özlərini daim sübut etməyə çalışmalarıdır.
Bir qadın düşünün… Səhər hamıdan tez oyanır, evin qayğısını çəkir, övladlarına ana, ailəsinə dayaq, sevdiyi insana sirdaş olur. İşləyir, yorulur, bəzən öz ağrısını belə gizlədir ki, ətrafındakılar narahat olmasın. Hər kəsin dərdinə çarə axtarır, amma gecə başını yastığa qoyanda özünü kimin düşündüyünü soruşur. Çünki qadın bəzən hamı üçün var olur, amma özünə gələndə tək qalır.
Əslində, qadının dəyəri gördüyü işlərin, etdiyi fədakarlıqların, bağışladığı səhvlərin sayı ilə ölçülməməlidir. O, yalnız ana olduğu üçün, həyat yoldaşı olduğu üçün, gözəl göründüyü və ya kiminsə həyatını asanlaşdırdığı üçün dəyərli deyil. Qadın sadəcə insan olduğu üçün dəyərlidir. Onun da arzuları, sərhədləri, yorğunluğu, incikliyi, sevilmək və anlaşılmaq ehtiyacı var. Bəs qadın nə etməlidir? İlk növbədə, özünü sevməyi öyrənməlidir. Bu, eqoistlik deyil. Özünə vaxt ayırmaq, gözəlliyinə diqqət etmək, təhsil almaq, işləmək, maddi və mənəvi baxımdan müstəqil olmaq, istəklərinin arxasınca getmək qadının haqqıdır. O, kiminsə icazəsi ilə xoşbəxt olmağa məcbur deyil.
Qadın hər şeyi bağışlamağı da fəzilət hesab etməməlidir. Bağışlamaq gözəldir, amma eyni hörmətsizliyə dəfələrlə dözmək özünə qarşı haqsızlıqdır. Sevgi insanı alçaltmamalı, daim şübhə içində saxlamamalı, göz yaşlarına öyrəşdirməməlidir. Qadın sevdiyi insanın yanında özünü dəyərsiz, artıq və ya əvəzolunan hiss edirsə, orada münasibətin mahiyyəti barədə düşünməlidir.
Unutmayaq ki, qadının susması həmişə müdriklik, dözməsi həmişə səbir, getməsi isə həmişə məğlubiyyət deyil. Bəzən susmaq yorğunluqdur, bəzən dözmək qorxudur, bəzən isə getmək insanın özünə qayıtmasıdır.
Qadın öz sərhədlərini müəyyən etməlidir. Ona necə davranılmasına icazə verdiyini özü də bilməlidir. Hörmət tələb etmək üçün səsini yüksəltməyə, dəyərini sübut etmək üçün kiminsə sevgisinin arxasınca qaçmağa ehtiyac yoxdur. Çünki sevgi dilənilməz, hörmət yalvarışla qazanılmaz.
Amma bir həqiqət də var: qadının dəyərli olması yalnız onun öz üzərinə düşən məsuliyyət deyil. Kişi də qadının zəhmətini görməyi, hisslərini anlamağı, sözünə hörmət etməyi, onu dinləməyi bacarmalıdır. Ailədə qadının dəyəri yalnız çətin günlərdə deyil, adi bir gündə də hiss olunmalıdır. Bir xoş söz, səmimi diqqət, qayğı və təşəkkür bəzən ən bahalı hədiyyədən daha qiymətlidir.
Qadın nə qədər güclü olsa da, onun da qayğıya ehtiyacı var. Hər zaman möhkəm görünən qadın da bəzən birinin “yorulmusan, bir az da mən edim” deməsini gözləyir. Hər kəsə dayaq olan qadın da kiminsə çiyninə söykənmək istəyir. Onun da nazlanmağa, kövrəlməyə, sevilməyə, qorunmağa haqqı var.
Bəlkə də sualı dəyişməyin vaxtıdır: “Qadın nə etməlidir ki, dəyərli olsun?” yox, “Biz qadının dəyərini niyə yalnız onun fədakarlığı ilə ölçürük?”
Qadın özünü itirmədən sevməyi, özündən keçmədən fədakarlıq etməyi, susmadan danışmağı, qorxmadan sərhəd qoymağı bacarmalıdır. Ən əsası isə başa düşməlidir ki, onun dəyəri kiminsə onu seçməsi, tərifləməsi və ya yanında saxlaması ilə yaranmır.
Qadın dəyərli olmaq üçün dəyişməli deyil. Sadəcə öz dəyərini unutmağa son qoymalıdır. Çünki özünə hörmət edən qadın başqalarına da ona necə davranmalı olduqlarını göstərir.