Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əmək münasibətlərində gender bərabərliyi məsələsi yenidən gündəmə gəlib. Eyni və ya eyni dəyərdə iş görən qadın və kişilərin əməkhaqqında fərq olub-olmaması cəmiyyətdə müzakirələrə səbəb olur. İşçinin maaşının müəyyənləşdirilməsində təcrübə, vəzifə, iş yükü və peşəkar göstəricilər əsas meyarlar hesab olunsa da, bəzi hallarda gender amilinin də rol oynadığı iddia edilir. Bir çox iş yerində qadınların kişilərdən daha az əməkhaqqı aldığı iddia olunur.
Bəs eyni vəzifədə çalışan, eyni işi görən qadın və kişi eyni əməkhaqqı almalıdırmı? Əməkhaqqında fərq hansı hallarda əsaslandırıla bilər və genderə görə maaş fərqinin qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Mövzuya deputat Razi Nurullayevin münasibətini öyrəndik. Milli Məclisin üzvü Bizim.Media-ya açıqlamasında əmək münasibətlərindəki ayrı-seçkiliyi pisləyib:
“Əmək münasibətlərində qadın və kişi arasında ayrı-seçkiliyə yol verilməməlidir. Əgər iki əməkdaş eyni işi görür, eyni məsuliyyəti daşıyır və eyni nəticəyə görə qiymətləndirilirsə, onların maaşı cinsinə görə fərqlənməməlidir.
Əməkhaqqı fərqi varsa, bunun əsaslandırılmış səbəbi olmalıdır: iş stajı, təcrübə, vəzifə, əlavə məsuliyyət, peşəkarlıq və nəticə kimi meyarlar nəzərə alına bilər. Amma qadın olduğu üçün daha az, kişi olduğu üçün daha çox maaş verilməsi qəbulolunmaz yanaşmadır”.
O bildirb ki, müasir əmək münasibətlərində əsas meyar insanın cinsi deyil, onun gördüyü iş və ortaya qoyduğu nəticə olmalıdır:
“Qadın və kişi eyni əməyə görə bərabər münasibət görməlidir. Bu, yalnız sosial ədalət məsələsi deyil, həm də əmək bazarında sağlam və şəffaf münasibətlərin formalaşması üçün vacib prinsipdir”.
Günay Şahmar, Bizim.Media