Qadın və kişi millimiz final yolunda

14.06.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Kişi və qadınlardan ibarət Azərbaycanın 3x3 basketbol milliləri bu gün FIBA 3x3 Avropa Kuboku 2026-nın seçmə mərhələsində yarımfinal oyunlarına çıxacaqlar. Sport24.az xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirdə qadın millimiz meydan sahibi Kosovo seçməsi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Zaur Paşayevin rəhbərlik etdiyi kişi komandası isə yarımfinalda Kipr millisini sınağa çəkəcək. Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.

Qadın millimiz qrup mərhələsində Kiprə 16:10, Maltaya isə 15:14 hesabı ilə qalib gələrək birinci yeri tutub. Komanda turnirdə Arika Karter, Tatyana Deniskina və Aleksandra Molenhauer olmaqla cəmi üç basketbolçu ilə mübarizə aparır.

Kişi yığmamız Albaniya və San-Marinoya 20:21 hesabı ilə məğlub olsa da, Maltanı 18:16 hesabı ilə üstələyərək qrup ikincisi kimi yarımfinala yüksəlib.

Qeyd edək ki, Priştina seçmə mərhələsində kişi və qadınların yarışında yalnız qalib komandalar FIBA 3x3 Avropa Kubokunun final mərhələsinə vəsiqə əldə edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью