Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Britaniyalı qadın uzun illər beynində parazitlə yaşayıb.
Redaktor.az xəbər verir ki, Louri Denmanın hekayəsi "The İndependent" qəzetində dərc olunub.
42 yaşlı qadının sözlərinə görə, ilk qəribə hadisə 2011-ci ildə, Hindistana səfərindən dörd il sonra baş verib. O, bədənindən təxminən bir metr uzunluğunda lent qurdunun çıxdığını görüb. Dərhal həkimə müraciət etsə də, aparılan müayinələr zamanı ciddi problem aşkarlanmayıb.
Bir müddət sonra qadında güclü baş ağrıları başlayıb. Ardınca isə epileptik tutma keçirib. Ətraflı müayinələr nəticəsində həkimlər onun beynində 38 lent qurdu sürfəsi aşkar ediblər. Qadına neyrosistiserkoz (qurdun sürfələrinin (sistiserklərin) birbaşa beyin toxumasında və ya onurğa beynində yerləşməsi ilə yaranan ciddi parazitar beyin infeksiyasıdır) diaqnozu qoyulub.
Louri Denman uzun müddət parazit əleyhinə, steroid və qıcolma əleyhinə dərmanlarla müalicə alıb. Müalicədən sonra vəziyyəti yaxşılaşsa da, bir müddət sonra tutmalar yenidən başlayıb. O, həmçinin panik atak, psixoz və paranoya kimi psixoloji problemlər də yaşayıb və bir müddət işləyə bilməyib.
Qadın bildirib ki, beynində parazitlərin olduğunu öyrənmək onun üçün çox dəhşətli hiss olub.
Hazırda Denman 10 ildən çoxdur ki, epileptik tutma keçirmir. O, bu nadir xəstəlik barədə insanları məlumatlandırmaq üçün yaşadıqlarını ictimaiyyətlə bölüşüb.
Aytəkin TOFİQQIZI