Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, ABŞ-nin "Hoag Family" Onkologiya İnstitutunun alimləri tərəfindən aparılan araşdırmanın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.
Tədqiqatçılar "Tu-Stroma" adlı RNT molekulunu araşdırıblar. Məlum olub ki, bu molekulun qanda yüksək səviyyədə olması erkən mərhələli yumurtalıq xərçəngi və uşaqlıq borularında xərçəngdən əvvəlki dəyişikliklərlə əlaqəlidir.
Səkkiz il davam edən araşdırma çərçivəsində yeni qan testi hazırlanıb və sınaqdan keçirilib. Test xərçəngönü dəyişiklikləri 92,3 faiz hallarda aşkarlayıb, sağlam qadınlarda isə xəstəliyin olmadığını 98,2 faiz dəqiqliklə müəyyən edib.
Alimlərin fikrincə, yeni üsul gələcəkdə bədxassəli şiş yaranmazdan əvvəl təhlükəli dəyişiklikləri aşkar etməyə kömək edə bilər. Testin xüsusilə BRCA1 və BRCA2 genlərində mutasiyaları olan, yumurtalıq xərçənginə irsi meyilliliyi yüksək qadınlar üçün faydalı olacağı ehtimal edilir.
Həmidə İbrahimova