Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi müasir dünyanın qarşısında duran mühüm sosial vəzifələrdəndir. Bu sahədə qanunvericilik tədbirləri ilə yanaşı, cəmiyyətdə kök salmış stereotiplərin dəyişdirilməsi, qadınların iqtisadi və ictimai həyatda fəal iştirakının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Pakistanın “Dawn” qəzetinin dərc etdiyi məlumata görə, ölkənin Sind əyalətində yerləşən Tharparkar bölgəsində qadınların ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi sahələrdə çalışması gender stereotiplərinə qarşı mübarizənin diqqətçəkən nümunəsinə çevrilib.
Mithi şəhərində yayımlanan xəbərdə bildirilir ki, Nagarparkar qəsəbəsində Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü münasibətilə keçirilən tədbirdə ağırtonnajlı yük maşınlarını idarə edən, su təmizləyici qurğularda çalışan qadınların təcrübələri diqqət mərkəzində olub.
Tədbir çərçivəsində BMT-nin Gender üzrə Tematik Qrupu, Pakistanın İnsan Hüquqları üzrə Federal Nazirliyi, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi və Sind əyalətinin hökumətinin birgə təşəbbüsü ilə “Gender Karvanı: Bərabərlik səfəri hər evdən başlayır” adlı ümummilli proqramın başlanmasına da start verilib.
BMT-nin Pakistan üzrə “UN Women” nümayəndəsi Cəmşid M. Kazinin çıxışında vurğulanıb ki, Nagarparkarda yük maşınlarını idarə edən və əks osmos texnologiyası ilə işləyən su təmizləyici qurğuları istismar edən qadınlar artıq cəmiyyətdə formalaşmış ənənəvi təsəvvürləri dəyişirlər. Onun fikrincə, qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün susqunluq mühitini dağıtmaq, hüquqların müdafiəsini və ədalətə çıxışı təmin etmək vacibdir.
Təşəbbüsün əsas məqsədi qadınların hüquqları ilə bağlı müzakirələri yalnız rəsmi qurumlarla məhdudlaşdırmamaq, onları kənd və yerli icmaların gündəlik həyatına gətirməkdir. Tədbirdə qadınların təhsil, məşğulluq, ictimai fəaliyyət və qərarların qəbulunda iştirakına mane olan sosial stereotiplərin aradan qaldırılması çağırışı səsləndirilib.
Qəzetin məlumatına görə, kampaniya çərçivəsində Bahavalpur, Lahor, Kvetta, İslamabad və Peşəvər şəhərlərində də ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur. BMT-nin Əhali Fondu, UNICEF, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da təşəbbüsə dəstək verən qurumlar sırasındadır.
Noyabrın 25-dən dekabrın 10-dək davam edən gender əsaslı zorakılığa qarşı 16 günlük beynəlxalq fəallıq kampaniyası bu il “Qadınlara və qızlara qarşı zorakılığa son: ədaləti təmin et, zərərçəkənləri qoru, cəzasızlığa son qoy” şüarı altında keçirilir.
Nurəngiz Adilqızı
XQ