Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
2026-cı il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1 milyon 94,2 min nəfər təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə pensiyaçıların sayı 5,8 min nəfər və ya 0,5 % azalıb.
Pensiyaçılar ölkə əhalisinin 10,6 %-ini təşkil edir. 2026-cı ilin əvvəlində bu göstərici 1 milyon 98,9 min nəfər, iyulun 1-nə isə 1 milyon 99 min 79 nəfər olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 % artaraq 595,8 manata çatıb.
Orta aylıq pensiyanın məbləği ölkə üzrə orta aylıq əməkhaqqının 50,8 %-nə bərabər olub.
Qeyd edək ki, bir sıra ekspertlər pensiyaçıların sayının azalmasını orta ömür yaşı ilə əlaqələndirirlər.
Demoqrafik dəyişikliklər, pensiya yaşı və pensiya sisteminin gələcək yükü yenidən müzakirəyə çıxarıla bilərmi?
Məsələ ilə bağlı millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, əslində burada söhbət əmək pensiyaları alan vətəndaşlardan gedir:
“Nəzərə alsaq ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının üç növü var. Bunlar yaşa görə əmək pensiyaları, ailə başçısını itirməyə görə pensiya alan və əlilliyə görə pensiya alan vətəndaşlarımızdır.
Ümumiyyətlə, son illərin statistikası göstərir ki, əlilliyə görə pensiya alan vətəndaşlarımızın sayında müəyyən azalmalar müşahidə olunub. Çünki statistikaya əsasən bütövlükdə təyin olunmuş pensiyaların orta məbləği, eyni zamanda təyin olunmuş pensiyaların sayına diqqət yetirsək orta məbləğdə artımlar var.
Eyni zamanda təyin olunmuş aylıq pensiya məbləğlərində də 3 faiz artım qeydə alınıb. Cüzi azalma əmək pensiyaçılarının sayında azalma ilə bağlıdır.
Ancaq xüsusi diqqət yetirmək lazımdır ki, söhbət əmək pensiyası alan vətəndaşlarımızdan gedir. Yəni yaşa görə pensiya alan vətəndaşlarımızdan getmir.
Ona görə də statistika da müəyyən dövrlərdə dəyişikliklər olur. Bu həm də o strukturun tərkibindəki dəyişikliklərlə bağlıdır.
Çünki bir sıra hallarda əmək pensiyası alan vətəndaşların sayının azalması heç də yaşa görə əmək pensiya alan vətəndaşlarımızın sayı ilə bağlı olmur”.
Pensiya yaşına gəldikdə isə millət vəkilinin sözlərinə görə, ümumilikdə yanaşma ondan ibarətdir ki, qadınlarla kişilər arasında pensiya yaşında diferensial yanaşma daha məqsədəuyğundur:
“Yəni qadınların daha tez pensiyaya çıxmasını təklif edirik. Bir sıra ölkələrdə tətbiq edilən bu praktikanın Azərbaycanda da tətbiq edilməsi, yəni kişilərə nisbətən qadınların daha tez pensiyaya çıxmasının təmin edilməsi məqəsədəuyğun olardı”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: pensiya yaşı Vüqar Bayramov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin