Qafqazın ən böyük risk mənbəyi: “Metsamor” nə vaxt bağlanacaq?

06.10.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Metsamor" Atom Elektrik Stansiyası (AES) Cənubi Qafqazın ən böyük ekoloji risk mənbələrindən biridir. 

Bu barədə "Environmental Protection First" QHT Koalisiyasının "Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri" mövzusunda keçirdiyi brifinqdə bildirilib. 

O da vurğulanıb ki, Metsamor Atom Elektrik Stansiyası (AES) yarandığı gündən Cənubi Qafqazın ən böyük ekoloji risk mənbələrindən birinə çevrilib.
Radiasiya qoxu, rəng və istilik təsirinə malik olmadan nüfuz etmə qabiliyyətinə malikdir və o, uzun illər ərzində insanlara, ətraf mühitə, biomüxtəlifliyə çox ciddi ziyan vurur. 

“Metsamor” AES-də iki nüvə reaktoru fəaliyyət göstərir. O reaktorlardan biri zəlzələ zamanı, yəni 1988-ci ildə zədələndiyi üçün hazırda işləmir, ikinci reaktor isə fəaliyyətini davam etdirməkdədir. 

İştirakçılar regionun ekologiyası üçün böyük risk daşıyan “Metsamor” AES-in birmənalı şəkildə bağlanmalı olduğunu vurğulayıb. 

“Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, “Metsamor” AES-in fəaliyyət müddətinin uzadılması regionda yeni narahatlıqlar yaradır: 

“Ermənistanda “Metsamor” Atom Elektrik Stansiyası 1988-ci ildə baş verən zəlzələdən sonra uzun müddət bağlı saxlanıldı. Çünki o zaman belə ehtimal var idi ki, zəlzələ atom elektrik stansiyasına müəyyən zərər verə və bu, radiasiya təhlükəsi yarada bilər. 1990-cı illərin sonunda Rusiyanın dəstəyi ilə Ermənistan bu Atom Elektrik Stansiyasını yenidən işə salıb və vaxtaşırı Rusiya tərəfindən onun texniki təminatı və baxımı həyata keçirilir.

Hətta belə bir rəy ortaya çıxıb ki, Atom Elektrik Stansiyasının əvvəlcə razılaşdırılmış fəaliyyət müddəti başa çatdıqdan sonra onun fəaliyyətini daha 10 il uzatmaq mümkündür. Bunun üçün müəyyən yenidənqurma və möhkəmləndirmə işləri aparılmalıdır. Əlbəttə ki, bu stansiyanın qonşu ölkələrə zərər vurması və ekoloji problemlər yaratması ilə bağlı Azərbaycan və Türkiyə ictimaiyyəti, eləcə də rəsmiləri tərəfindən dəfələrlə məsələ qaldırılsa da, bununla bağlı hər hansı tədbir görülməyib”. 

Siyasi şərhçinin fikrincə, o ki qaldı ABŞ-nin bu məsələyə reaksiyasına, ABŞ Ermənistanla əldə etdiyi anlaşmaya əsasən, Ermənistan ərazisində modul tipli atom elektrik stansiyalarının tikintisini həyata keçirməyi razılaşdırıb: 

“Bu razılaşma Rusiya tərəfindən də kifayət qədər narazılıqla qarşılanıb. Hazırda Ermənistan uğrunda bir geopolitik mübarizə də gedir. Belə ki, Avropa İttifaqı və ABŞ Ermənistanda möhkəmlənməyə çalışırlar. Bu isə paralel olaraq Rusiyanın mövqelərinin zəifləməsi demək olacaq. Bu baxımdan, belə məsələlərdə əksər hallarda ekoloji məsələlərin arxa planda qaldığını görürük. Yəni siyasi maraqlar ekoloji problemləri üstələyir. Bu məsələyə də həmin nöqteyi-nəzərdən baxsaq, daha doğru olar”. 

Oqtay Qasımov vurğulayıb ki, “Metsamor”un bağlanması hələlik real görünmür: “ABŞ özü əslində Ermənistanda modul tipli atom elektrik stansiyaları tikməklə Ermənistanın enerji tələbatının təmin olunmasına çalışacağını bildirib. Ondan sonrakı dövrdə, əgər tam şəkildə digər stansiyalar və mənbələr işə düşərsə, bundan sonra “Metsamor”un bağlanması məsələsinə baxılması gündəmə gələ bilər. Amma hazırkı şəraitdə nəzərə alsaq ki, Atom Elektrik Stansiyası Ermənistanın enerji tələbatının 40 faizdən artığını ödəyir, bu baxımdan onun bağlanması məsələsinin hələlik müzakirə olunması çətin görünür”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: "Metsamor" Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью