Qafqazın Xirosiması dağıntılardan dirçəlişə doğru ŞƏRH

20.11.2026

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir və bu şəhər, onun bütün kəndləri bərpa olunacaq. Bu söz bu gün artıq əməli işlərdə öz təsdiqini tapır. Ağdam rayonu 1930-cu ildə yaradılmışdı və uzun illər Azərbaycanın mədəni, iqtisadi və kənd təsərrüfatı baxımından ən inkişaf etmiş bölgələrindən biri sayılırdı. “Ağdam” adının etimologiyası ilə bağlı ən geniş yayılmış fikir onun “ağ dam”, yəni ağ damlı ev, ağ tikili mənasını verməsidir. Bu ad şəhərin təmizliyini, işıqlı simasını və qədim tarixini əks etdirir. Bölgənin tarixi və arxeoloji əhəmiyyəti də böyükdür, çünki burada aparılan tədqiqatlar qədim yaşayış məskənlərinin, maddi-mədəniyyət nümunələrinin izlərini üzə çıxarıb. Ağdam eyni zamanda muğam sənətinin və Qarabağ musiqi məktəbinin beşiklərindən biri kimi tanınıb.

1993-cü ilin iyulunda Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdi. Şəhər və ətrafındakı yüzlərlə yaşayış məntəqəsi talan edildi, evlər, məktəblər, xəstəxanalar, tarixi abidələr və məscidlər dağıdıldı. Sakinlər doğma yurdlarını tərk edib qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldular. Beynəlxalq birlik hadisəyə münasibət bildirdi və BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 853 saylı qətnamədə Ağdam rayonunun işğalını pisləyib işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb etdi. Lakin bu qətnamə uzun illər icra olunmadı. Ağdamın bu günkü mənzərəsi, yəni demək olar ki, tamamilə yerlə-yeksan edilmiş şəhər, ona “Qafqazın Xirosiması” adının verilməsinə səbəb oldu. Rəsmi İrəvanın törətdiyi bu dağıntılar və digər müharibə cinayətləri beynəlxalq hüquq baxımından ciddi qiymətləndirilməli, məsuliyyət məsələsi isə gündəmdə saxlanılmalıdır.

2020-ci ilin payızında Vətən müharibəsində əldə edilən qələbə bu ədalətsizliyə son qoydu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat işğalçı Ermənistan qüvvələrinin Ağdam rayonundan çıxarılmasını nəzərdə tuturdu və bu bəyanatın gücü nəticəsində 20 noyabr 2020-ci ildə Ağdam işğaldan azad olundu. Bu tarix Azərbaycan tarixinə Ağdam şəhəri günü kimi daxil oldu. Qələbənin əbədiləşdirilməsi məqsədilə müxtəlif addımlar atıldı. Bunlardan biri də “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsidir. Bu medal torpaqlarımızın azadlığı uğrunda döyüşən igid övladlarımızın şücaətinə dövlətin verdiyi yüksək qiyməti göstərir. Şanlı zəfərimiz abidələrdə, muzeylərdə və xatirə məkanlarında yaşadılır ki, gələcək nəsillər bu qələbənin nə qədər ağır bədəl müqabilində qazanıldığını unutmasın.

Azadlıqdan sonra Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri başladı. Prezident İlham Əliyev azad olunmuş Ağdama dəfələrlə səfər edərək aparılan işlərlə tanış olub, yeni infrastruktur layihələrinin təməlini qoyub və açılışlarda iştirak edib. Şəhərin gələcək inkişafı “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” ilə müəyyənləşdirilib. Bu plan müasir şəhərsalma prinsipləri əsasında yaşayış zonalarını, sosial obyektləri, yaşıllıqları, nəqliyyat şəbəkəsini və iqtisadi məkanları əhatə edir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi isə şəhərin nəqliyyat əlaqələrini gücləndirərək onu həm ölkənin digər bölgələri, həm də regional marşrutlarla birləşdirir. Bir vaxtlar xarabalığa çevrilmiş şəhər müasir nəqliyyat qovşağına çevrilir.

Məskunlaşma prosesi Ağdamın dirçəlişinin ən vacib istiqamətidir. Şəhərin və kəndlərin sakinləri öz doğma yurdlarına qayıdır, onlar üçün müasir yaşayış binaları və fərdi evlər tikilir, məktəblər, səhiyyə və digər sosial obyektlər yaradılır. Bununla yanaşı, iqtisadi bazanın formalaşdırılması da diqqət mərkəzindədir. Ağdam Sənaye Parkı yeni iş yerləri açmaqla bölgənin iqtisadi inkişafına, sahibkarlığın genişlənməsinə və yerli istehsalın artmasına xidmət edir. Bu addımlar şəhərin yalnız fiziki cəhətdən deyil, həm də iqtisadi və sosial baxımdan bərpa olunmasını təmin edir. Ağdamın əvvəlki şöhrəti addım-addım qaytarılır.

Ağdamın gələcəyi mədəniyyət və turizm baxımından da böyük perspektivlər vəd edir. Bölgənin tarixi və elmi-arxeoloji irsi, təbii gözəlliyi və mədəni zənginliyi burada turizm infrastrukturunun qurulmasına əsas verir. Ağdam Muğam Mərkəzi isə şəhərin musiqi ənənələrini yaşatmaq və Qarabağın muğam məktəbini gələcək nəsillərə çatdırmaq baxımından xüsusi rol oynayır. Ağdamın işğalı, dağıdılması və yenidən dirçəlişi bir şəhərin taleyindən daha çox, Azərbaycan xalqının iradəsinin, haqq və ədalət uğrunda mübarizəsinin rəmzidir. 20 Noyabr bu səbəbdən təkcə təqvim tarixi deyil, ədalətin bərpa olunduğu, torpağın öz sahibinə qayıtdığı gündür. Bu gün Ağdam xarabalıqlardan yenidən doğulur və bu yeni həyat Azərbaycanın azad, güclü və inkişaf edən gələcəyinin göstəricisidir.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью