Qahirə konfransında qadın hüquqlarının qorunmasında Azərbaycan təcrübəsi barədə danışılıb

01.02.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qahirə, 1 fevral, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti Qahirə şəhərində bu gün işinə başlayan “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfransda iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirin birinci günündə İƏT Baş Katibi, Misirin Baş naziri Mustafa Mədbuli, əl-Əzhər əl-Şərifin şeyxi, böyük imam Əhməd əl-Tayyib, eləcə də İƏT-ə üzv dövlətlərin müvafiq qurumlarının rəhbərləri və dövlət rəsmiləri çıxış ediblər. Konfrans çərçivəsində keçirilən sessiyalarda qadın hüquqlarının qorunması və medianın bu sahədə təsiri mövzularında müzakirələr keçirilib.

Bahar Muradova çıxışında ölkəmizdə uşaq və qadın hüquqlarının qorunması istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə danışıb. Qeyd edib ki, qadınların və uşaqların hüquqlarının müdafiəsi Azərbaycanda dövlət siyasətinin prioritetlərindəndir. Bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilib. Qadınlar dövlət idarəçiliyində, hüquq-mühafizə, elm, səhiyyə, təhsil, mədəniyyət, idman, kənd təsərrüfatı və kommersiya sahələrində geniş təmsil olunurlar. Eyni zamanda, qadınların hakimiyyətin müxtəlif qollarında təmsilçiliyinin artırılması ölkəmizdə dövlət siyasətinin tərkib hissəsidir və idarəetmənin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

B.Muradova qadınların cəmiyyətdə rolunun möhkəmləndirilməsində təhsilin əhəmiyyətinə toxunub. Qeyd edib ki, Azərbaycan qadın təhsilinin təşviqində zəngin tarixi irsə malikdir. 1901-ci ildə Şərqdə ilk dünyəvi qızlar məktəbinin açılması qadının ictimai rolunu legitimləşdirən mühüm mərhələ olub.

Diqqətə çatdırılıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ölkəmizin regionlarında erkən nikah risklərinin azaldılması və təhsilin təşviq edilməsi sahəsində maarifləndirmə işləri həyata keçirilir.

Qeyd edək ki, konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi ilə, əl-Əzhər əl-Şərif və Misirin Qadınlar üzrə Milli Şurası tərəfindən təşkil olunub. İki gün davam edəcək tədbirdə qadınların dini və ideoloji ekstremizmlə mübarizədə, eləcə də sülh və təhlükəsizlikdə rolu, qadınlarla bağlı ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin əhəmiyyəti, qadın və qızların iqtisadi hüquqları, ÜDM-ə töhfəsi və kiber zorakılıqdan qorunması mövzuları müzakirə olunur.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью