Qahirədə WUF13 lə bağlı seminar keçirilib

29.01.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qahirə, 29 yanvar, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Misir üzrə Məskunlaşma Proqramı (UN-Habitat Egypt), onun Ərəb Dövlətləri üzrə Regional Ofisi (ROAS) və Ümumdünya Şəhərsalma Forumunun (WUF) Katibliyi ilə əməkdaşlıq çərçivəsində virtual seminar keçirilib. Azərbaycanın da təmsil olunduğu tədbirdə BMT-nin və ərəb regionunun müvafiq təşkilatlarının təmsilçiləri, tədqiqat mərkəzlərinin və ictimai təşkilatların ümumilikdə 300-ə yaxın nümayəndəsi iştirak edib.

AZƏRTAC xəbər verir ki, seminar “Misir Şəhərsalma Həftəsi: Misirdən Azərbaycana” adlı təşəbbüsün bir hissəsidir. Bu təşəbbüs Qahirənin 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun (WUF12) 12-ci sessiyasının nəticələrini inkişaf etdirməyi və mayın 17-dən 22-dək Bakıda keçiriləcək WUF13-ə hazırlıqda effektiv və əlaqələndirilmiş regional iştirakı təmin etməyi hədəfləyib.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov açılış nitqində Ümumdünya Şəhərsalma Forumunun bu sahədə dialoq və təcrübə mübadiləsi üçün əsas platforma kimi qlobal əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın may ayında WUF13-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, bu seminar, eləcə də potensialın artırılması təşəbbüsləri məlumatlılığın artırılmasında, müxtəlif regionlardan fəal iştirakın təşviq edilməsində mühüm rol oynayır. Səfir, həmçinin tərəfdaşları Bakıda qlobal şəhər dialoqunda fəal iştiraka dəvət edib.

BMT Məskunlaşma Proqramının Ərəb dövlətləri üzrə regional direktoru xanım Rania Hedaya çıxışında WUF12-nin nəticələrinə və regionun qazandığı institusional bilik və təcrübəyə əsaslanmağın vacibliyini qeyd edib. O, regional iştirakın gücləndirilməsinin və tərəfdaşların WUF13-dən regionda əməkdaşlıq, dialoq və transformativ şəhərsalma fəaliyyəti üçün platforma kimi istifadə etmələri üçün səlahiyyətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Seminarda iştirakçıların Ümumdünya Şəhərsalma Forumunun strukturu, tərəfdaşların rəhbərlik etdiyi tədbirlərin rolu və əhəmiyyəti haqqında müzakirələr aparılıb, WUF13 üçün müraciət və seçim mexanizmləri haqqında məlumatlar verilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью