Qalatasaray ı 6:0 məğlub edən məşqçi dünyasını dəyişdi

22.04.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış almaniyalı mütəxəssis Verner Lorant həyatının 77-ci baharında gözlərini əbədi olaraq yumdu. O, son ilyarımda ağır xəstəlikdən əziyyət çəkirdi.

''Football-plus.az'' xəbər verir ki, Lorant futbol dünyasında həm futbolçu, həm də məşqçi kimi iz buraxmağı bacardı. O, futbolçu kimi Dortmund ''Borussiya''sı, ''Hannover-96'', ''Şalke-04'', ''Ayntraxt''ın şərəfini qorumuş, frankfurtluların heyətində 1980-ci ildə UEFA kubokunu qazanmışdı. Məşqçi karyerasına 1984-cü ildə Almaniyanın aşağı liqa klublarında start vermişdi.
Məşqçi kimi ''Münhen 1860''ın başında qazandığı uğurlarla tək Almaniyada yox, Avropada da böyük populyarlıq qazandı. Burda işlədiyi 11 il ərzində klubu 3-cü bundesliqadan nəinki elitaya, hətta Çempionlar Liqasına da daşıya bildi. Amma 1999/00-də münhenlilər təsnifat mərhələsində ''Lids''ə uduzaraq qrup mərhələsinə vəsiqə qazana bilmədilər. Münhendən ayrıldıqdan sonra Lorant daha 15 klubda çalışdı. Amma heç yerdə 1 ildən artıq işləyə bilmədi.
Lorant xüsusilə Türkiyədə çox populyar idi. Düzdü, o, Türkiyədə çalışdırdığı klublar - ''Fənərbaxça'', ''Sivasspor'', ''Ərciyəsspor'' və ''Kasımpaşa''da titul qazana bilmədi. Amma Lorant hər zaman Türkiyə çempionatı tarixinin ən yaddaqalan oyunlarından birinin baş memarı kimi xatırlanacaq. 2002-ci ildə ''Fənərbaxça'' ''Qalatasaray'' üzərində 6:0-lıq tarixi qələbəni məhz bu məşqçinin başçılığı altında qazanmışdı. İstanbul nəhəngi onun dönəmindən keçirdiyi 39 rəsmi oyundan 23 qələbə, 8 heç-heçə, 8 məğlubiyyətlə ayrılmışdı.
Maraqlıdı ki, 6:0-dan cəmi 1 ay sonra Lorant uğursuz nəticələrə görə istefaya göndərilmişdi. Həm ''Fənərbaxça'', həm də klubun sabiq prezidenti Əziz Yıldırım Verner Lorantın ölümü ilə bağlı başsağlığı mesajı paylaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью