Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
DÇ-2026-nın seçmə mərhələsinin A qrupunda həlledici oyun Leyptsiqdə keçirildi.
"Football-plus.az" xəbər verir ki, Almaniya ilə Slovakiyanın duelində qrupda birinci pillənin taleyi müəyyənləşdi. Bundestim favorit statusunu artıqlaması ilə doğrultdu.
Meydan sahiblərinə bərabərlik də kifayət edirdi. Buna baxmayaraq Yulian Naqelsmannın komandası rəqibini 6:0 hesabı ilə darmadağın etdi. Matça ''Qalatasaray''ın ulduzu Leroy Sane damğa vurdu. Bir neçə aylıq fasilədən sonra yenidən yığmaya dəvət alan təcrübəli vinger Lüksemburqa qarşı ötən matçda aktivinə məhsuldar ötürmə yazmışdı. Bu dəfə isə 29 yaşlı futbolçu 2 qol, 1 məhsuldar ötürmə ilə 3 qolun vurulmasında yaxından iştirak etdi.
Almaniya mətbuatı da Saneyə tərif yağdırdı. Bundan başqa almanların kapitanı Coşua Kimmix də Saneni təriflədi:
''Karyeramda Sane qədər fiziki cəhətdən güclü olan o qədər də çox futbolçu görməmişəm. Oyun vaxtı həqiqətən də çox qaçır. Qısa məsafələrə tez-tez sürətlənir. Özü də bunu hər üç gündən bir edir. Sane psixoloji cəhətdən hazır durumda olarkən nəyə qadir olduğunu bu gün bir daha göstərdi''.