Qalmaqallı final qərarı ləğv edildi Çempionluq onlara qaytarıldı

25.11.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Futbol Konfederasiyasının (CAF) Apelyasiya Şurasının əvvəlki qərarını ləğv edərək, Seneqal millisini rəsmi olaraq 2025-ci il Afrika Millətlər Kubokunun qalibi elan edib.

“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Lozanna şəhərində keçirilən iclasda Seneqal Futbol Federasiyasının (FSF) apelyasiya şikayəti təmin olunub və Seneqalın meydanda qazandığı 1:0 hesablı qələbə bərpa edilib.

Xatırladaq ki, mart ayında CAF Mərakeşdə keçirilən final oyununda baş verən insidentə görə Seneqala 0:3 hesablı texniki məğlubiyyət verərək kuboku ev sahibi Mərakeşə təqdim etmişdi. Həmin matçda seneqallı futbolçular penalti qərarına etiraz olaraq meydanı tərk etmişdilər. Mərakeş Futbol Federasiyası rəqibin turnir qaydalarını pozduğunu və baş hakim Jan-Jak Nqambo Ndalanın oyunu erkən bitirməli olduğunu iddia edirdi. Lakin hakim 109-cu dəqiqədə görüşü yenidən davam etdirmişdi.

Üç üzvdən ibarət CAS paneli yekdilliklə Mərakeş tərəfinin arqumentlərini rədd edib. Məhkəmənin qərarında vurğulanıb ki, baş hakim oyunu davam etdirmək üçün fit çalarkən bunun üçün bütün lazımi şərtlərin yerinə yetirildiyini qiymətləndirib və hər iki komanda meydana qayıdaraq oynamağa hazır olduğunu təsdiqləyib.

CAS məsələni “meydandakı qərarlar” doktrinası çərçivəsində dəyərləndirib. Bu qaydaya əsasən, hakimlər qaydaları açıq-aşkar özbaşına və ya qərəzli şəkildə pozmadıqca onların meydandakı qərarlarına müdaxilə edilmir: “Hakimin son dərəcə gərgin mühitdə qərar verməli olduğu etiraf edilsə də, bu hal onun addımını özbaşına kimi qiymətləndirməyə əsas vermir”.

Qeyd edək ki, finaldakı hadisələrlə bağlı Seneqal Futbol Federasiyası, baş məşqçi Pap Tyau və bir sıra futbolçular daha əvvəl CAF-ın ayrı-ayrı intizam sanksiyaları ilə üzləşmişdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью